DİM-dən dil imtahanları ilə bağlı dəyişiklik – 2027-dən yeni yanaşma

DİM-dən dil imtahanları ilə bağlı dəyişiklik – 2027-dən yeni yanaşma
SOSİAL
13:24 27.04.2026
835
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bildirib ki, son illərdə xarici dil imtahanlarında tətbiq olunan yeniliklər, xüsusilə dinləmə bacarıqlarının qiymətləndirilməsi, gənclərin dil səviyyəsinin daha obyektiv ölçülməsinə və rəqabət qabiliyyətinin artmasına xidmət edir. O qeyd edib ki, 2027-ci ildən tətbiqi nəzərdə tutulan yeni model şagirdlərin dil bacarıqlarını daha real və kommunikativ mühitdə ölçməyə yönəlib və qiymətləndirmə alətləri beynəlxalq CEFR standartlarına uyğunlaşdırılıb.

Təhsil eksperti Rizvan Fikrətoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, CEFR beynəlxalq praktikaya uyğunlaşma deməkdir:

"Ümumi məzmun baxımından bu məlumat məntiqli və inandırıcı görünür. Dövlət İmtahan Mərkəzi son illərdə imtahan modellərini daha müasir yanaşmalara uyğunlaşdırmağa çalışır. CEFR beynəlxalq  praktikaya uyğunlaşma deməkdir. Burada dil bilikləri yalnız testlə deyil, real kommunikasiya bacarıqlarının ölçülməsinə əsaslanır. Yazı və danışıq bacarıqlarına daha çox diqqət ayrılması müəllimlər üçün də tədrisin daha məqsədyönlü qurulmasına şərait yaradır”. 


Ekspert bildirib ki, qrammatika və qapalı suallar dil bacarıqlarını tam ölçə bilmir:

"Bu tip dəyişikliklər artıq bir çox ölkədə tətbiq olunur. Çünki ənənəvi testlər - qrammatika və qapalı suallar dil bacarıqlarını tam ölçmür. Amma bir məqamı nəzərə almaq lazımdır. Danışıq imtahanının olub-olmayacağı, qiymətləndirmə mexanizmi və s. sonradan daha detallı şəkildə təqdim olunacaq. Hazırda bu, sadəcə ümumi model çərçivəsində izah olunur”.

Təhsil eksperti vurğulayıb ki, şagirdlər dil bacarıqlarını artırmalıdır:

"Bu dəyişikliklər dil biliyi zəif olanlara təsir göstərəcək. Yəni dil biliyi zəif olanlar əvvəl də yüksək nəticə əldə etməkdə çətinlik çəkirdilər. Bu modeldə isə məqsəd odur ki, real dil bacarıqları daha çox rol oynasın. Ona görə də şagirdlər dil bacarıqlarını artırmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR