“Diqqət! Danışır Bakı!” – İlk efirdən bu günə nələr dəyişdi?

“Diqqət! Danışır Bakı!” – İlk efirdən bu günə nələr dəyişdi?
SOSİAL
10:51 06.11.2026
63
Bu gün, noyabrın 6-da Azərbaycanda Televiziya və Radio Günü qeyd olunur. 

Bu il Azərbaycan radiosunun fəaliyyətə başlamasından 100, milli televiziyanın yaranmasından isə 70 il ötür.

AZXEBER.COM xəbər verir ki, ölkədə radio yayımının tarixi 1926-cı il noyabrın 6-dan başlayır. Həmin gün Bakıdan ilk radio verilişi yayımlanıb. İlk dövrlərdə radioya evlərdə deyil, əsasən küçə və meydanlarda quraşdırılan səsgücləndiricilər vasitəsilə qulaq asılırdı.

Azərbaycan radiosunun ilk yayımı yaddaşlara "Diqqət! Danışır Bakı!” sözləri ilə həkk olunub. İsmayıl Əlibəyov ilk azərbaycanlı kişi diktor, Raya İmanzadə isə ilk qadın diktor kimi tarixə düşüb.
 
 

Radio yayımından 30 il sonra Azərbaycan televiziyasının da əsası qoyulub. 1956-cı il fevralın 14-də Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxıb.

İlk televiziya yayımında aktrisa Nəcibə Məlikova tamaşaçıları "Göstərir Bakı!” sözləri ilə salamlayıb. Həmin gün efirdə "Bəxtiyar” filmi də nümayiş etdirilib.
 
 

Televiziyanın ilk fəaliyyət illərində verilişlər həftədə cəmi bir neçə dəfə yayımlanırdı. 1967-ci ildən isə Azərbaycanda rəngli televiziya yayımına başlanılıb. Zaman keçdikcə televiziya şəbəkəsi paytaxtdan kənara da genişlənib, Gəncə, Göyçay, Şuşa və Naxçıvanda televiziya stansiyaları yaradılıb.

1990-cı illər Azərbaycan televiziya məkanında yeni mərhələnin başlanğıcı olub. 1991-ci ildə ANS müstəqil televiziya studiyası kimi fəaliyyətə başlayaraq ölkənin ilk özəl televiziya kanallarından birinə çevrilib.

Sonrakı illərdə Space TV, Lider TV, ATV və Xəzər TV kimi kanalların efirə çıxması ilə televiziya məkanında rəqabət və seçim imkanları artıb.

2005-ci ildə İctimai Televiziya, bir il sonra isə İctimai Radio fəaliyyətə başlayıb. Daha sonralar İdman TV, Mədəniyyət TV və ARB də ölkənin televiziya məkanına qoşulub.

Texnologiyanın inkişafı radio və televiziya sahəsində də ciddi dəyişikliklərə səbəb olub. Bu dəyişikliklərin ən mühümlərindən biri rəqəmsal yayıma keçid idi.

2016-cı il dekabrın 20-də Azərbaycanda analoq televiziya yayımı tamamilə dayandırılıb və rəqəmsal yayıma keçid başa çatıb.

Bu gün isə radio və televiziya artıq yalnız ənənəvi efirlə məhdudlaşmır. Verilişləri internet üzərindən izləmək, radio proqramlarını onlayn dinləmək, xəbərləri və proqramları müxtəlif rəqəmsal platformalardan əldə etmək mümkündür.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR