Diqqət! Valideynləri sevindirəcək sistem

GƏNCLİK
10:25 10.02.2012
2183

“Elektron məktəb” layihəsi tədris müəssilərinin də işini xeyli asanlaşdıracaq

Şagird məktəbə daxil olarkən valideyninə bu haqda SMS göndəriləcək. Bu sistem hər hansı Avropa ölkəsində deyil, Azərbaycanda tətbiq ediləcək. Sistem “Elektron məktəb” adlı elektronlaşdırılmış layihənin ölkəmizin təhsil müəssisələrində tətbiqindən sonra mümkün olacaq. Azərbaycan Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, şagirdlərin fəaliyyətlərinə nəzarət etmək məqsədilə hər təhsil müəssisəsinin xüsusi saytı yaradılacaq. Bu saytda xüsusi elektron gündəlik sistemində hər bir şagirdin valideyninə (və ya onun yaxınlarına) məlum parolu olan ayrıca bölmə yaradılacaq. Bu bölmədə şagirdin məktəbə gəlib-getməsi, dərsdə iştirak edib-etməməsi, hər fənn üzrə aldığı cari qiymətlər, onun dərs cədvəli və bu kimi digər məlumatlar öz əksini tapacaq. Bu məlumatlar daim yenilənəcək . Övladının nailiyyətləri haqqında məlumat almaq üçün valideynin məktəbə, valideyn iclasına getmək imkanı olmadıqda belə mümkün olacaq. Valideyn məktəbin saytını açaraq bütün lazımi informasiyanı almaq imkanı qazanacaq. Qiymətlər yeniləşdirilərkən həmin informasiyanı valideynin elektron poçtuna və ya SMS şəklində mobil telefonuna da göndərmək mümkün olacaq. “Elektron məktəb” layihəsinin tətbiqi müəllim, şagird və valideynlərin təhsil prosesinə daha fəal cəlb etməyə şərait yaradacaq. Layihəyə əsasən məktəbdə təhlükəsizlik sistemi çərçivəsində təhsil müəssisəsinin qarşısında qurulmuş sistem binaya kənar şəxslərin girişini məhdudlaşdıracaq. Şagird və müəllimlərə eləcə də tədris müəssisəsinin bütün işçi heyətinə binaya daxil olub, çıxmaq üçün elektron kart veriləcək . Eyni zamanda müəllim və valideynlərə dərs zamanı şagirdlərin fəaliyyətini kənardan izləməyə, müşahidə etməyə imkan verəcək. Qeyd edək ki, “Elektron məktəb layihəsi”nə artıq 20 məktəb qoşulub. Onlardan 10-a yaxını Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdir. Qeyd edək ki, artıq şimal qonşumuz olan Rusiyanın bir neçə bölgəsində “Elektron məktəb” layihəsinin tətbiqinə başlanılıb. Bu ölkənin Xakasiya muxtar respublikasının məktəblərində valideynlər övladlarının məktəbə davamiyyətini internet vasitəsilə izləyə bilirlər. Xakasiya muxtar respublikasının təhsil müəssilərində kağız sənədlərdən bütünlüklə imtina edilməsi bu ilin sentyabrın 1-nə planlaşdırılıb. Rusiyada həmçinin İvanovski vilayərtində yerləşən təhsil müəssisələrində “Elektron məktəb” layihəsinin tətbiqinə başlanılıb.

OXŞAR XƏBƏRLƏR