AZXEBER.COM-un müsahibi 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış həkim-endokrinoloq Jalə Oqtayzadədir.
Həmin müsahiobəni təqdim edirik:
- Jalə xanım, özünüz haqda məlumat verin.
- Mən həkim-endokrinoloq Jalə Oqtayzadə 26 oktaybr 1988-ci ildə Tərtər rayonunda anadan olmuşam. Orta təhsilimə 1 saylı Tərtər rayon orta məktəbində başlamışam. 2006-cı ildə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 36 saylı orta məktəbi bitirmişəm.
Uşaqlıq və yeniyetməlik illərimdə hüquq, siyasi elmlər üzrə təhsil almaq istəyirdim. Lakin anamın istəyi ilə 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil oldum. Tibb təhsili almağın necə çətin olduğunu hər kəs bilir. Tələbəlik illərimdə millətimə faydalı həkim ola bilmək üçün dayanmadan çalışdım. Elə bu çalışmaqların nəticəsdir ki, 2013-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdim. Amma təhsil həyatımı bununla yekunlaşdıra bilməzdim. Daha sonra qardaş ölkə Türkiyəyədə təhsilimi davam etdirdim. Türkiyənin İstanbul şəhərində "İstanbul Eğitim və Araşdırma” xəstəxanasında endokrinologiya ixtisası üzrə bir çox kursları müvəffəqiyyətlə başa vurdum.
Təhsil aldığım illərdə ailə həyatı qurmuşam. Lakin təəssüf ki, bir bir müddət sonra həyat yoldaşım dünyasını dəyişib. 14 yaşında bir oğlum var. Gördüyüm bütün işlərdə, qazandığım bütün uğurlarda onun varlığının rolu danılmazdır.
- Neçə il həkim kimi fəaliyyətiniz var?
- Artıq 10 ildən çoxdur ki, həkim kimi fəaliyyətimi davam etdirirəm. Bakıda bir çox özəl klinikalarda çalışmışam. İxtisasım insanlarla ən səmimi həkim-pasiyent münasibətlərinin yarandığı ixtisasdır. Bu səbəbdəndir ki, həmişə öz pasiyentlərim tərəfindən böyük diqqət və hörmət görmüşəm. Azərbaycanda, dünyada ən ali peşə sayılan həkimliyi layiqincə təmsil etməyə çalışmışam.
2020-ci il COVİD-19 pandemiyası başlayanda iki il müddətində koronovirus xəstələri ilə çalışdım. Bu mənim ömrümün ən çətin və məsuliyyətli dövrü idi. Bir il ərzində 20 mindən çox şəkərli –diabet xəstəsinin təqibi ilə məşğul olmuşam.
- Bu illərdə hansı nəaliyyətlər qazanmısınız?
- Yəqin ki, ən böyük nəaliyyətim sentyabr ayında baş tutan 1 günlük antiterror əməliyyatından sonra müzəffər ordumuzun işğaldan azad etdiyi Xankəndi şəhərində könüllü olaraq həkim kimi fəaliyyətə başlamağımdır. Bu, ömrümün ən şərəfli hadisələrindən biridir. Oktyabr-iyun ayları ərzində Xankəndi Şəhər Xəstəxanasının baş həkimi vəzifəsində çalışdım. Xoşbəxtlikdəndir ki, Xankəndində dünyaya göz açan ilk körpənin əməliyyatında iştirak etdim. Bu hissləri bizə yaşadan hər kəsə, Ali Baş Komandanımıza, müzəffər ordumuza dərin minnətdarlığım var. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm.
Bundan başqa, öz ixtisasım üzrə bir çox konfranslarda, beynəlxalq seminarlarda iştirak etmişəm, müxtəlif sertifikatlara yiyələnmişəm. Endokrinologiya üzrə mükafatlara layiq görülmüşəm. Hazırda da "Türkiye endokrinoloji ve metabolik hastalıklar” dərnəyinin üzvüyəm.
- Necə oldu ki, millət vəkili olmaq olmaq istədiniz?
- Qeyd etdiyim kimi, Xankəndi işğaldan azad olunduqdan dərhal sonra orada çalışmağa başladım. O torpaqları çox yaxşı tanıdım və düşünürəm ki, vətənim üçün görəcəyim işlər çoxdur. Daha sonra bir namizəd kimi müvafiq prosedurları icra etdim. Cəmi bir gün ərzində imzalar toplandı. Bu mənim üçün böyük sevinc və uğur idi.
Bu gün bu torpaqları dirçəltmək, ona əmək vermək hər birimizin borcudur. "Qalib xalqın səsi” ilə qələbə qazanacağıma və vətənimə, millətimə layiq işlər görcəyimə əminəm.
- Namizəd olduğunuz bölgə işğaldan azad olunan ərazidir.Bu ərazidən namizəd olmaq necə hissdir?
- Bir qarabağlı qızı olaraq bu torpaqlara xüsusi bağlıyam. Birinci Qarabağ müharibəsi dövründə mən balaca uşaq idim. Atam bizi ailəsinə əmanət edib ön cəbhədə döyüşə getmişdi. O illəri, o çətin dövləri az da olsa xatırlayıram. 44 günlük Vətən Müharibəsində də atam ön cəbhədə vuruşurdu. Vətəni uğrunda canından keçməyə hazır bir hərbçinin ailəsində böyümüşəm və bu mənim üçün böyük fəxrdir.
Elə bu səbəbdəndir ki, Xankəndi işğaldan azad olunduqdan dərhal sonra burada könüllü fəaliyyətə başladım. Xankəndi Şəhər Xəstəxanasının baş həkimi kimi dəyərli kollektivimizlə çox işlər gördük. Xəstəxanın bərpasında, insanlara yüksək xidmət göstərmək uğrunda sözün əsl mənasında gecəmizi-gündüzümüzə qatdıq.
Xankəndidə həkim kimi fəaliyyət göstərdiyim aylarda əhalidən gördüyüm sevgi və isti münasibəti heç vaxt unuda bilmərəm. Buna görə də, namizədliyi sırf Xankəndindən irəli sürməyi üstün tutdum.
- Deputat olacağanız təqdirdə seçicilərinizə hansı vədləri veririsiniz?
- Bu yaxınlarda seçki platformamı açıqlayacağam. Orada deputat seçiləcəyim təqdirdə görəcəyim işlərin hər biri geniş formada bildirilir. İlk hədəfim xankəndililərin öz doğma yurdlarına köç prosesini sürətləndirilməsi istiqamətindədir. Daha sonra uzun illər məcburi köçkün kimi yaşamış əhalinin sosial-iqtisadi, mədəni həyatının bərpası üçün işlər görmək niyyətindəyəm. Səhiyyə, təhsil, turizm sahəsində də görüləcək işlər, hədəflər çoxdur. Əgər deputat seçilsəm, zamanla bu məsələlərin hər birinin həlli istiqamətində çox böyük işlər görəcəyimə əminəm. Bütün Xankəndi əhalisini mənə səs verməyə çağırıram. Gəlin, Xankədimizi birlikdə dirçəldək və gələcək nəsillərə böyük bir miras qoyaq!
Günel Hüseynli