Əhəd Abıyevin “böyrək əməliyyatı”na xitam verildi

Əhəd Abıyevin “böyrək əməliyyatı”na xitam verildi
Bütün Xəbərlər
12:02 02.11.2012
1395
Əhəd Abıyevlə böyrək davası aparan qadının şikayəti əsasında qaldırılmış cinayət işi arxivə göndərildi. 
Səbayel Rayon Prokurorluğunda Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevin qardaşına böyrək satan qadının şikayəti əsasında açılan cinayət işinə xitam verilib. Bu barədə məlumatlı mənbədən redaksiyamıza məlumat daxil olub. Xəbəri dəqiqləşdirmək üçün işi aparan Səbayel Rayon Prokurorluğunun müstəntiqi Müseyib Hacıyevlə telefon əlaqəsi yaratdıq. Müstəntiq dedi ki, o, mətbuata geniş açıqlama vermir: “Təkcə onu deyə bilrəm ki, bu işə xitam verilib. Bundan başqa məlumat verə bilmərəm”.
Qeyd edək ki, icra başçısından prokurorluğa 52 yaşlı Eleanora Cəbrayılova şikayət edib. E.Cəbrayılova iki dəfə intihara cəhd edib. O bildirib ki, bir müddət əvvəl böyrəyini 50 min manata satıb. Lakin üstündən xeyli keçməsinə baxmayaraq, ona çatacaq məbləği ala bilmir. Həmin qadından donor böyrək alan adam isə Ə.Abıyevin qardaşı Səməd Abıyevdir. 
Məlumata görə, prokurorluqda həmin qadına xəbərdarlıq edilib.
Şikayətçi E.Cəbrayılova isə deyir ki, işə xitam verilməsi barədə məlumatsızdır: “Əhəd Abıyev bütün gücündən istifadə edərək işi bağlatmağa çalışırdı. Yəqin ki, buna nail oldu. Mənim heç bir şeydən xəbərim yoxdur. Müstəntiqə etdiyim zənglərə isə cavab vermir”.
Onun sözlərinə görə, bununla bağlı bütün dövlət qurumlarına, o cümlədən prezident İlham Əliyevə müraciət yazıb: “Mən şəxsən prezidentdən kömək istəyirəm. Xahiş edirəm, mənim 50 min manatımı Əhəd Abıyevdən alıb versinlər. Çünki mənim borclarım var və böyrəyimi də buna görə satmışam. Əhəd Abıyev mənim heç bir borcumu ödəməyib. Əhəd müəllim mənə indiyə kimi 2400 manat pul verib. O, məni aldadaraq böyrəyimi aldı, ancaq pulumu vermədi”.
Xatırladaq ki, bu olayola bağlı Səbayel Rayon Prokurorluğu tərəfindən AR CM – nin 125-ci maddəsi ilə (ölüm həddinə çatdırma) cinayət işi açılmış və istintaq aparılmışdı. İstintaq zamanı E. Cəbrayılovanın özünü öldürməyə cəhd etməsi faktı cinayət hadisəsi olmadığı, onun Abıyev Səmədə böyrəyini satması və sonuncunun onun böyrəyini pulla alması, Əhəd Abıyevin insan orqanlarının alveri ilə məşğul olması sübuta yetirilmədiyindən cinayət işinin icraatına CPM – nin 39.1.1, 39.2, 207.2.5, 212-ci maddələri rəhbər tutularaq xitam verilib. /musavat.com/
OXŞAR XƏBƏRLƏR