Son illər müasir tibbin inkişafı nəticəsində əkiz hamiləliklər əvvəlki illərlə müqayisədə daha çox qeydə alınır.
Bununla yanaşı, əkiz hamiləlik həm hamiləlik dövründə, həm də doğuşdan sonrakı mərhələdə xüsusi tibbi nəzarət tələb edən hallardan hesab olunur.
Bu səbəbdən cəmiyyətdə əkiz uşaqların sağlamlığı ilə bağlı müxtəlif suallar yaranır.
Xüsusilə, onların tək doğulan uşaqlarla müqayisədə xəstəliklərə daha meyilli olub-olmaması valideynləri maraqlandıran məsələlərdən biridir.
Mövzu ilə bağlı danışan pediatr Qoşqar İsmayılov bildirib ki, əkiz hamiləlikdə müşahidə olunan bəzi risk faktorları uşaqların sağlamlığına da təsir göstərə bilər:

"Əkiz uşaqlarda bəzi sağlamlıq problemlərinin yaranma riski tək doğulan uşaqlarla müqayisədə daha yüksək ola bilər. Bunun əsas səbəbi əkiz hamiləliyin özünəməxsus xüsusiyyətləri və risk faktorlarıdır. Bu risk faktorlarına vaxtından əvvəl doğulma (37-ci həftədən əvvəl), aşağı doğum çəkisi ilə doğulma (2500 qramdan az) daxildir. Bu amillər uşaqlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər. İntrauterin inkişaf geriliyi də əkiz uşaqlarda sağlamlıq çətinliklərinə gətirib çıxara bilər. Xüsusilə uşağın doğum çəkisi 2 kiloqram yarımdan aşağı olduqda, onlarda nevroloji problemlərin, sarılığın, hipoqlikemiyanın (qanda şəkərin aşağı olması) və digər fəsadların yaranma riski tək doğulan uşaqlarla müqayisədə daha yüksək olur".
Pediatrın sözlərinə görə, bu risklər bütün əkiz uşaqlarda eyni dərəcədə müşahidə olunmur və hamiləliyin gedişindən asılı olaraq dəyişə bilər:
"Risk mövcuddur, lakin mütləq demək olmaz ki, uşaq əkiz doğulubsa, onda mütləq ciddi sağlamlıq problemləri olacaq. Sadəcə, bu hallarda müəyyən risklər daha yüksək olur. Xüsusilə anadangəlmə ürək qüsurlarının rastgəlmə ehtimalı artır. Eyni zamanda, əkiz hamiləliyə xas problemlərdən biri də əkizdən-əkizə transfuziya sindromudur. Bu hal əsasən eyni plasentanı paylaşan əkizlərdə müşahidə olunur. Belə vəziyyətlərdə əkizlərdən birində inkişaf geriliyi ola bilər. Məsələn, biri normal çəkidə doğulduğu halda, digəri xeyli aşağı çəkidə dünyaya gələ bilər".
Fəridə Əsədzadə











































