Bu il Azərbaycanda baş verənlər əslində içimizdə sapı özümüzdən olan baltaların sayının təsəvvür etdiyimizdən də daha çox olduğunu göstərdi.
Ömrünün ahıl çağlarında, həyatının ən böyük bombasını partladan Əkrəm Əylislinin daş qəlbinin məhsulu olan “Daş yuxular” romanı üzümüzə vurulan ilk sillə oldu. Nə qədər çalışsaq da, Əkrəm bəyin erməni sevgisi Azərbaycana vurulan ən böyük zərbələrdən birinə çevrildi və bizim əleyhimizə istifadə edildi. Artıq, “Daş yuxular” romanının erməni dilinə tərcümə edilmiş variantı gələn həftə Ermənistanın kitab mağazalarında satışa çıxarılacaq. Kitab 1000 tirajla nəşr olunacaq və bütün Ermənistana yayılacaq. Kitabı tərcümə edən Ovsepyan bildirib ki, kitabın tərcüməsi və nəşri ilə bağlı Əkrəm bəydən razılıq əldə etməyib. O, hətta Əylisliyə ismarış da göndərib: “Ya yazıçının elektron poçtu bağlanıb, ya da o müraciətlərə cavab vermir. Yazıçı cavab verməyib, bu o demək deyil ki, o, romanın tərcüməsinə razılıq verməyib. Hesab edə bilərik ki, məktublarımız ona çatmayıb, çünki onun poçtu bağlanıb. Dünyada elə bir yazıçı tanımıram ki, əsərlərinin erməni dilinə tərcümə olunmasına razı olmasın”. Əslində Ovsepyan bir tərəfdən düz deyir. Niyə də olmasın? Niyə də Əkrəm Əylisli əsərinin erməni dilinə tərcümə edilməsinə razılıq verməsin? Əşşi, onsuz da bunların işindən baş açmaq olmur. Bundan sonra nə edirlər etsinlər. İkisi də mənim üçün eyni bezdi... Gələk, sapı bizdən olan, amma özü Avropada qapısını döymədiyi təşkilat qoymayan gənc baltalardan birinə. Bu kimdir? Təbii ki, son bombasını “Agos”a verdiyi müsahibə ilə partladan, erməni qəzetinin yazdığı kimi “demokratiya fədaisi” Emin Milliyə. Adının sonundakı “milli” sözünün əksi olaraq “Agos”dakı müsahibəsində Eminin “milli”liyindən əsər əlamət yoxdur. Yəqin ki, “Agos”un müxbiri Eminə müsahibə üçün təklif irəli sürəndə, “hə nə olsun ki, erməni qəzetidir? Bir də ki, mənim üçün nə erməni, əsas Azərbaycanı söyməkdir” düşüncəsi ilə yanaşıb. Fatih Gökhan Diler adlı jurnalistin suallarını cavablandıran “Milli” Azərbaycanda “ərəb baharı”nın baş verməsinin qarşısını aldığını söyləyib: “Bəli ölkə bu yöndə inkişaf edir, amma biz bunun qarşısını almağa çalışırıq. Qan tökülmədən Türkiyə, Avropa Şurası, ABŞ, Azərbaycanda olub-bitənin fərqinə varmalıdır”. Sən demə, Azərbaycanda “ərəb baharı”nın qarşısını alan məhz Emin Milli və onun komandasıymış. O zaman Emin Milli nəyin mübarizəsini aparır? Beynəlxalq aləmdə Azərbaycanın imicini yerdən-yerə vurmağınınmı? Ölkəni bir erməni qəzetinə satan, aksiyaya insanları dəvət edib, özü isə Praqada kafedə oturub status yazan adamdan başqa nə gözləmək olar? Bu həmin Emin Millidir ki, Bakıdan kənara çıxan kimi dövlətimizə düşmən kəsilir. Bu gün sağlam düşüncəsi, fikri olan heç bir gənc Emin Millini lider saymır, gənclər üçün millinin fəaliyyəti yalnız Facebook səhifəsindən ibarətdir. “Gənc fəal” erməni qəzetində Türkiyə mediasına da irad tutub. O, Türkiyə mediasını onlara qarşı diqqətsiz olmaqda ittiham edib: “Azərbaycanda baş verən dəyişiklikləri onlara çatdırmaq istədim. Bütün bu baş verənlərin xəbər yükü olmadığını düşündülər və ən maraqlısı Azərbaycanda hər şeyin yaxşı olduğunu fikirləşdilər. Türkiyə mediasında Azərbaycanla bağlı heç bir araşdırma çıxmayıb”. Bu sözlərdən də görünür ki, Emin Milli özü haqqında çox yüksək fikirdədir. O müsahibəsində özünü sanki Azərbaycanda gənclər ordusunun “lider”i kimi təqdim edir və prezidentin ondan çəkindiyini iddia edir. Bu yerdə mənim də Emin Milliyə bir sualım var. Sən kimsən ki, Türkiyə mediası səndən müsahibə alsın? Bu günə qədər Azərbaycan üçün nə etmisən? Sənin danışa biləcəyin yer elə “Agos”la da məhdudlaşacaq. Sonda təəssüflə qeyd edim ki, içimizdən millilər və əylislilər hər zaman çıxıb və çıxacaq. Əsas odur ki, xalqımız bu insanları tanısın və onları ifşa etsin, necə ki, indi edir…












































