Elnur Aslanov İstanbulda Qarabağdan danışdı - MƏTN

Elnur Aslanov İstanbulda Qarabağdan danışdı - MƏTN
Bütün Xəbərlər
00:10 07.12.2012
955

Bu gün Cənubi Qafqazda geosiyasi vəziyyətin xüsusiyyətləri, etno-ərazi münaqişələri, regional və qlobal hökmranlıq məqsədi ilə fövqəldövlətlər arasında rəqabətlər barədə eşitdik.

Gün.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov İstanbulda keçirilən Beynəlxalq Xəzər forumunda çıxışı zamanı deyib.  

O qeyd edib ki, bizim Qara və Xəzər dənizi arasında yerləşən bu region həm Cənub-Şimal və Şərq-Qərb enerji və nəqliyyat dəhlizləri qovuşmasında yerləşmək baxımından, həm də Xəzər hövzəsinin enerji ehtiyatları uğrunda “mübarizə” planında böyük əhəmiyyətə malikdir.

“Biz hamımız bilirik ki, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması üzrə iş gedir. Reqion həll olunmayan dondurulmuş münaqişələr və Xəzər dənizində gərginlikdən əziyyət çəkir. Onu deyə bilərəm ki, biz Cənubi Qafqazda təhlükəsizliklə bağlı vakuumla qarşılaşmışıq.

Bu NATO-nun Rusiya, İran və Çinlə qarşılaşdığı, Azərbaycan, Gürcüstan və Ermənistanın öz milli potensiallarının şəxsi qurulma ssenarisini həyata keçirdikləri regiondur”.

E.Aslanov vurğulayıb ki, Cənubi Qafqazın bu üç dövləti müxtəlif problemlərlə qarşılaşıblar.

“Məsələn, Cənubi Qafqazın üç dövlətindən ikisinin ərazisi işğal altındadır. Bu gün bu təhlükəsizlik üçün əsas təhlükələrdən biridir. Nəticədə Cənubi Qafqazın hər üç dövləti bütün regionun təhlükəsizliyini təmin edə biləcək birgə layihə işləyib hazırlaya bilmədilər.

Hazırda Avropa Cənubi Qafqazda münaqişələrin nizamlanmasına tam olaraq zərurət hiss edə bilmir. Bununla belə, vəziyyət yaxın gələcəkdə dəyişə bilər”.

O, bildirib ki, 2020-ci ildə Avropada qaza olan tələbat 600 milyard kubmetrədək artacaq.

“Bu tələbat Norveç, Əlcəzair və Xəzər regionu ərazilərində tikiləcək yeni boru kəmərlərinin köməyi ilə əhəmiyyətli dərəcədə ödəniləcək. Həll olunmamış münaqişələrin təhlükəli olduğunu nəzərə alsaq, Xəzər regionu ilə bağlı bunu reallaşdırmaq çox çətin olacaq.

Ermənistan beynəlxalq hüquq normalarına riayət etməlidir Mən qeyd etmək istərdim ki, Cənubi Qafqazdakı münaqişələr real təhlükə mənbəyidir. Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində dəyən ümumi ziyan 431 mlrd. dollar məbləğində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan və Ermənistan öz hərbi büdcələrini artırmaqda davam edirlər.

Bundan əlavə, ölkədə Ermənistanın işğalının qurbanı olan bir milyona yaxın qaçqın və məcburi köçkünlərin yaşadığını nəzərə alsaq Azərbaycan regionda ciddi humanitar fəlakətlə qarşılaşır. Lakin bizim səbrimiz tükənməz deyil, bu münaqişənin həlli vaxtı çatıb”. E.Aslanov bildirib ki, Ermənistan beynəlxalq hüquq normalarına riayət etməli və öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır.

“Yalnız o zaman regionda həqiqi sülh və stabillik bərqərar olacaq. Biz inanırıq ki, Dağlıq Qarabağda davam etməkdə olan münaqişə bütün Cənubi Qafqaz və Avrasiya regionunun rifahı üçün həyati əhəmiyyətlidir.

Azərbaycan tərəfindən yalnız iki şey sülh sazişi prinsipinin müzakirə obyekti ola bilməz - ölkəmizin ərazi bütövlüyü və Ermənistan qoşunlarının dərhal qeyd-şərtsiz çıxarılması.

Biz sülh nizamlanması məsələsinə kifayət qədər anlayışla yanaşırıq. Bundan əlavə, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Dağlıq Qarabağın iqtisadi cəhətdən inkişafına əhəmiyyətli dərəcədə sərmayə yatırmağa hazırıq”. Şöbə müdiri bəyan edib ki, Azərbaycan ölkənin bölünməsinə qarşıdır.

“Biz vətənimizin ərazi bütövlüyünün müdafiəsi üçün istənilən vasitədən istifadə etmək hüququnu özümüzdə saxlayırıq və BMT-nin Nizamnaməsi bizə bu hüququ verir. Lakin bu, bizim üçün ən yaxşı variant deyil.

Biz münaqişəni sülh yolu ilə həll etmək, qonşularımızla ümumi dil tapmaq və onları Cənubi Qafqaz regionun gələcəyinin formalaşdırılmasında əməkdaşlığa cəlb etmək istəyirik”.   E.Aslanov bəyan edib ki, Azərbaycan tərəfindən atılan bütün addımlar ondan xəbər verir ki, biz münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqik, bizim problemi həll etmək istəyimiz və iradəmiz var.

“Təəssüf ki, erməni tərəfi bu kimi siqnallar vermir. BMT Təhlükəsizlik Şurası qətnamələrindən bəzilərinin bir neçə saat ərzində həyata keçirildiyi bir halda, digər qətnamələrinin 20 ildir reallaşdırılmasını gözləməsi məntiqini başa düşmək çətin məsələdir”.  

O qeyd edib ki, yuxarıda sadalananları nəzərə alsaq, Azərbaycan və Gürcüstan öz təhlükəsizliklərinin təmin edilməsi imkanlarının axtarılıb-tapılması üçün regional və beynəlxalq sistemlər çərçivəsində siyasi və iqtisadi əlaqələrini genişləndirirlər.

“Qərbyönümlü kurs, NATO-ya inteqrasiya etməyə can atan Gürcüstan üçün prioritet olaraq qalır. Azərbaycanın tarazlaşdırılmış siyasəti ölkənin və NATO-nun strateji maraqlarına cavab verir.  

Azərbaycanın iqtisadi inkişafı dinamik sürətlə gedir, bizim enerji sektorumuz yüksəlməkdədir və biz ABŞ-ın Mərkəzi Asiyada və Əfqanıstandakı fəaliyyəti baxımından onun əsas strateji tərəfdaşına çevrilməkdəyik.

Ermənistan isə özünün xarici siyasətində Rusiya ilə əməkdaşlığa prioritet məsələ kimi baxır. Lakin bu halda iqtisadiyyat və təhlükəsizlik sahəsindəki proseslərin təsir dairəsindən kənarda qalır”.

Ermənistan kirayə götürülmüş ərazi kimi görünür

E.Aslanov bildirib ki, Gürcüstanın artan potensialı və Azərbaycanın sabit və tarazlaşdırılmış inkişafı baxımından, Ermənistan böyük güc dövlətinin altında əzilən forpost, kirayəyə götürülmüş ərazi kimi görünür.

“Ermənistan yalnız nominal olaraq müstəqildir. Rusiyanın bu ölkədə böyük hərbi bazası var, Rusiya qoşunları Ermənistan sərhədlərinin mühafizəsini təmin edirlər, hətta Ermənistanın siyasi rəhbərliyi belə, Rusiyanın ssenarisi əsasında formalaşdırılır”.

E.Aslanov bəyan edib ki, bu gün Ermənistanın öz maliyyə fəlakətlərinin öhdəsindən gəlmək bacarığı başqa vaxtda olduğundan daha da zəifdir, bu isə onun dövlət borcunun qeyri-proporsional şəkildə artması ilə əlaqədardır.

“2010-cu ildə 2,1%, 2011-ci ildə isə 4,6% iqtisadi artım ölkədə lazımi iş yerlərinin açılması və sosial rifahın yaxşılaşdırılması üçün kifayət deyil. Ermənistanın xarici borcu bu ilin sonuna 3,8 milyard dollara çatacaq ki, bu da ilin sonunda bu rəqəmin 4 milyard olacağı deməkdir.

Ermənistanı tərk edənlərin sayı fəlakətli göstəricilər səviyyəsindədir. Ölkənin Milli Statistika Komitəsinin 2012-ci ilin 9 ayına olan məlumatına görə, ölkəni 1 milyon 880 min nəfər tərk edib, ölkəyə isə həmin dövr ərzində 1 milyon 791 min nəfər gəlib. Beləliklə, 2012-ci il üzrə mənfi balans 89 min nəfər təşkil edib”.

Azərbaycan bölgədə siyasi və iqtisadi sabitliyin  dayağı kimi qalmaqdadır

Şöbə müdiri vurğulayıb ki, Azərbaycan  bölgədə siyasi və iqtisadi sabitliyin dayağı kimi, Gürcüstanın əsas strateji tərəfdaşı və bu ölkənin enerji təhlükəsizliyinin zəmanətçisi olaraq qalmaqdadır. Buna paralel olaraq, Azərbaycan şirkətləri də Gürcüstanda geniş şəkildə təmsil olunurlar.

“Məsələn, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda əsas və iri vergi ödəyicisi olmaqla, bu ölkənin iqtisadi baxımdan inkişafında mühüm rol oynayır.

Gürcüstan investisiyalarının ümumi həcmində Azərbaycanın payı 2012-ci ilin birinci yarısı üçün 10%-dən də bir qədər artıq olub. Bu dövr ərzində Azərbaycan Gürcüstana 48,8 milyon dollar sərmayə yatırıb.

Beləliklə, Gürcüstan iqtisadiyyatına sərmayə yatırılması baxımından, Azərbaycan Niderlanddan və ABŞ-dan sonrakı yeri tutur (Hollandiya sərmayəsinin payı bu ölkədə 37%, ABŞ-ın payı isə 11%-dir).

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı sərmayənin ümumi həcmi 3 milyard dollara çatmaq üzrədir”.  

E.Aslanov bildirib ki, Azərbaycan Avropaya enerji ehtiyatlarının tədarük edilməsinin şaxələndirilməsinin zəmanəti kimi çıxış edir.   “Ölkəmiz Türkiyəyə elektrik enerjisinin ən əsas tədarükçülərindən biridir. Yaxın gələcəkdə Türkiyədən Avropaya təxminən 10 milyard kubmetr həcmində Azərbaycan qazı tədarük olunacaq. Bu həcmin 20 milyard kubmetrə qədər yüksəldilməsi planlaşdırılır.   Bundan əlavə, bizim nəqliyyat infrastrukturumuz da genişlənməkdədir, burada məqsəd Azərbaycanın nəqliyyat sahəsində regional və qlobal təşəbbüslərə tammiqyaslı şəkildə cəlb edilməsidir.   Azərbaycan artıq sərmayə yatıran və qonşu ölkələrin və tərəfdaş dövlətlərin inkişafına kömək etməyə hazır olan ölkəyə çevrilib.

Hal-hazırda Azərbaycanın xarici ölkələrdəki investisiyaları 5 milyard dollar təşkil edir ki, bu rəqəmin də qısa vaxt ərzində daha da yüksəldilməsi nəzərdə tutulur”.

O bildirib ki, Azərbaycanın investisiyaları Gürcüstanın, Türkiyənin, Ukraynanın və digər Qara dəniz sahili ölkələrinin tərəqqisində mühüm rol oynayacaq ki, bu da regional layihələrin daha səmərəli şəkildə həyata keçirilməsi üçün qənaətbəxş şərait yaradacaq.

“Yaddan çıxarmaq lazım deyil ki, bölgədə hal-hazırkı siyasi fikir ayrılıqları tez bir zamanda hərbi ziddiyyətlərə təkan verə bilər. Lakin sülh yolu tapmaq və Avrasiyada uzunmüddətli sabitliyə və təhlükəsizliyə nail olmaq cəhdlərindən imtina etmək ayıbdır”.  

 

OXŞAR XƏBƏRLƏR