“Mən Elşad Abdullayevə elə sözlər deməmişəm. Hamısı yalandır. Montaj olunub, nədir bilmirəm” Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev Bakının Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayevlə görüşünü əks etdirən video material yayıb. APA-nın xəbərinə görə, E. Abdullayev video görüntüləri və müraciəti “Azadlıq” qəzetinə göndərib. O, müraciətində qeyd edib ki, qardaşı Mahir Abdullayevin müəmmalı şəkildə yoxa çıxması ilə bağlı Bakının Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Babayev Hacı Ağababa Fərman oğlu ilə söhbət edib. E. Abdullayev bildirib ki, o söhbəti gizli lentə alıb. Bu video və audio yazıları Respublika Prokurorluğunda yaradılmış istintaq komissiyasına da təqdim edib. Sabiq rektor hakimlə söhbətinin 2007-ci ilin iyuluna təsadüf etdiyini bildirir. E. Abdullayevin təqdim etdiyi video materialda hakimlə qardaşı barədə danışılır, onun məhkəmə istintaqına çıxarılmadan azad edilməsi üçün sövdələşmə aparılır. Videogörüntüsü yayılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev isə APA-ya açıqlamasında E. Abdullayevin onu şantaj etdiyini bildirib: “Bir neçə gün əvvəl prokurorluqda Mahir və Elşad Abdullayevlərin işi ilə bağlı ifadə vermişəm. İfadəmdə də heç nədən xəbərim olmadığını bildirmişəm”. Hakim deyib ki, videoda göstərilənlər həqiqəti əks etdirmir: “Bizim söhbətimiz videogörüntülərdəki kimi olmayıb, mən ona elə sözlər deməmişəm. Hamısı yalandır. Montaj olunub, nədir bilmirəm”. A. Babayev hazırda yataq xəstəsi olduğunu da bildirib: “Mən hazırda xəstəyəm, ayaqlarım tutulub. İşə də getmirəm”.