Təşkilatdan AZXEBER.COM-a verilən məlumata görə, bu dəfəki qonaq Azərbaycan oxucularının sevərək oxuduğu dedektiv yazar Elxan Elatlı olub. Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 saylı orta məktəbin akt zalında təşkil olunan görüşə yazıçını canlı görmək və birbaşa sual vermək üçün 100-ə yaxın oxucu təşrif buyurub.
İlk olaraq 1 dəqiqəlik sükutla 30 aprel ADNA-da baş vermiş qanlı hadisənin günahsız qurbanları yad edildi. Daha sonra tədbiri giriş sözü ilə "Sağlam Düşüncə" Gənclər Təşkilatının sədri Tofiq Sadıxov açaraq Elxan Elatlıya təşəkkürünü bildirib. Ədəbiyyat Klubunun rəhbəri Nilufər Əzimli gənclər arasında sorğu keçirdiklərini və bu sorğunun nəticəsində də ən gənclərin ən çox görmək istədikləri yazarlardan birinin də Elxan bəy olduğunu söyləyib.
Sonra "Ədəbiyyat Klubun"un fəaliyyəti haqqında qisa məlumat verərək sözü Elxan Elatlıya ötürüb. Elxan müəllim yaradıcılığa necə başlamağından, tələbə həyatından, ilk şeir və yazılarından maraqlı tarixçələr danışdı. Sonra görüş interaktiv şəkildə oxucuların çoxlu sualları ilə davam edib. 2 saatdan çox çəkən görüşün sonunda yazıçı sual vermiş bütün oxucularına imzalı kitabını hədiyyə edib. Görüşdən sonra yazıçı ilə görüşün təşkilatçıları çay süfrəsi arxasında səmimi söhbət ediblər. Söhbət zamanı Sumqayıt gəncliyindən, onların kitaba, ədəbiyyata, teatra olan marağından və mövcud durumdan danışılıb. Eyni zamanda yazıçı Ədəbiyyat Klubuna uğurlar arzulayıb dəvət üçün təşəkkürünü bildirib.