Bu gün Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfərə gəlir.
Bu barədə siyasətçi rəsmi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Azərbaycan. Avropa İttifaqından xaricə ilk rəsmi səfərim yeni başlayır", - o vurğulayıb.
Qeyd edək ki, səfər regional xarakter daşıyır və Çexiya hökumətinin başçısı Qazaxıstan və Özbəkistanda da səfərdə olacaq.
Səfər zamanı Nazirlər Kabinetinin başçısını Çexiyanın Baş nazirinin birinci müavini - sənaye və ticarət naziri Karel Havliçek (Karel Havlíček), həmçinin çexiyalı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.
Çexiya nümayəndə heyəti Bakı, Astana və Daşkəndə səfər edəcək. Səfər proqramında biznes-forumların, tematik seminarların, B2B və B2G formatlarında netvörkinq tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərin məqsədi yeni işgüzar əlaqələrin qurulmasını və ev sahibliyi edən ölkələrin sahibkarlıq icması ilə əməkdaşlığın genişləndirilməsini dəstəkləməkdir.











































