Fransa İslam Fondu (FIF) ölkənin Daxili İşlər Nazirliyinin qərarı ilə ictimai faydalı təşkilat statusundan məhrum edilib.
Nazirliyin qərarı avqustun 13-də ölkənin rəsmi bülletenində dərc olunub.
Bu, fonda dövlət maliyyə dəstəyinin dayandırılmasına səbəb olub ki, nəticədə onun gələcək mövcudluğu üçün təhlükə yaranıb.
Status fondu təxminən 1,5 milyon avro məbləğində maliyyə bazası və onun Direktorlar Şurasında dövlətin iştirakını təmin edirdi. 2024-cü ildə təşkilatın nümayəndələri əlavə vəsait olmadan onun öz fəaliyyətini dayandıra biləcəyi barədə xəbərdarlıq etmişdilər.
2018-ci ildən fonda rəhbərlik edən Qalib Benşeyx AFP-yə bildirib ki, maliyyələşmənin azaldılması, daha sonra isə dayandırılması faktiki olaraq təşkilatı bu vəziyyətə gətirib çıxarıb. Onun sözlərinə görə, fond artıq uzun müddətdir ki, maliyyə çətinlikləri yaşayır və ləğv edilə bilər.










































