Gömrük Komitəsinin 9 əməkdaşı məhkəmə salonunda həbs edilib

Bütün Xəbərlər
12:29 22.02.2011
1817
Bu gün hakim Azər Orucovun sədrliyi ilə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Yük şöbəsinin inspektoru vəzifəsində işləyən Müseyib Əzizov, Mirələm İsmayılov, DGK “Azərterminalkompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyinin Bakı şöbəsində kompyuter operatoru vəzifəsində işləyən İsmayıl Əhmədov, Natiq Quliyev və qeyrilərindən ibarət 9 nəfərlik qrupun cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

Hakim A.Orucov Milli.Az-a bildirdi ki, hazırlıq iclasında onların barəsində həbs-qətimkan tədbiri seçilib və məhkəmə zalında qandallanıblar.

İttiham aktına görə, həmin qrup bəzi şəxslərlə qabaqcadan əlbir olaraq vergiləri ödəməkdən yayınmaq məqsədilə əlavə dəyər vergisi borcunu əvəzləşdirmək üçün qanunsuz hərəkətlər edib.

Onlar dəfələrlə rüşvət alaraq “Aqrolizinq” ASC-yə avtomobil vasitəsi ilə “soyuducu avadanlıqlarda istifadə olunan kompressorlar”ın daxil olmasını göstərən yük gömrük bəyannamələrini, “Elektrikquraşdırma” müəssisəsinin guya Rusiyada yerləşən “Enerqomaşstroy” MMC-dən, eləcə də “Samur-Abşeron Su Tikinti” Törəmə müəssisəsinin guya Rusiyada yerləşən “Torqovıy Dom TMK”ASC-dən dəmir yolu nəqliyyatı ilə qara metaldan məmulatlar, qara metallardan metal konstruksiyalar və digər inşaat materiallarının idxal olunması barədə yük gömrük bəyannamələrini saxta tərtib edərək vəzifə saxtakarlığı ediblər.

İ. Əhmədov, N. Quliyev, M. Əzizov, M. İsmayılov və qeyriləri Cinayət Məcəlləsinin 311.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma, vəzifə saxtakarlığı) ittiham olunurlar. Həmin şəxslər haqqında cinayət işi üzrə ibtidai istintaq DGK-nin istintaq idarəsində aparılıb və tərtib olunmuş ittiham aktı cinayət işinin məhkəməyə verilməsi üçün Baş Prokurorluğa göndərilib.

 

OXŞAR XƏBƏRLƏR