Güllələnən əsgərin atası danışdı: "Mən ürək edib oğluma baxa bilmədim"

Bütün Xəbərlər
06:18 22.02.2011
2297

 

Məlumatı "Media forum" saytına mərhum əsgərin atası Abdulla Xocberov verib. 

Atanın sözlərinə görə, Ramazan Xocberov 1992-ci il təvəllüdlüdür: "Fevralın 7-də ad günü idi. Orta məktəbi bitirəndən sonra ali məktəbə daxil ola bilmədi, balı çatmadı. Texnikumda oxuyurdu. Ötən ilin aprelində Balakən Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırıldı və əsgər getdi. Yaxşı hərbi qulluq edirdi. Bir ay bundan əvvəl, yanvarın 21-də 10 günlük məzuniyyətə gəlmişdi. İki-üç gün bundan əvvəl onunla telefon danışığımız olmuşdu".

Abdulla Xocberovun sözlərinə görə, oğlu nadir hallarda hərbi hissə haqqında, oradakı hadisələr barədə danışarmış: "Heç nədən və heç kimdən narazılıq eləməzdi. Yazılı formada yox, amma şifahi şəkildə komandirləri də ondan, hərbi xidmətindən razı qaldıqlarını deyirdilər. Ondan razı idilər ki, məzuniyyətə də göndərmişdilər".

Hadisə haqqında ətraflı məlumat verilmədiyini vurğulayan valideynin sözlərinə görə, onlara dəqiq söz deyilməyib: "Hadisə komendant postunda baş verib. 8 nəfər hərbçi olub. Mənə dedilər ki, 6 nəfərin meyiti bir yerdə, bir nəfərin meyiti isə onlardan az aralı tapılıb. 8-ci hərbçi axtarılır. Onun haqqında məlumat yoxdur. Bizə belə deyiblər. Deyirlər ki, bu da dəqiq deyil. " 

Ailənin böyük, həm də yeganə oğul övladı olduğunu deyən Abdulla Xocberov bir qızının qaldığını deyib: "Mən ürək edib Ramazana baxa bilmədim. Heç bilmirəm ki, harasından və neçə güllə yarası alıb. Hadisə haqqında bizə heç bir məlumat vermirlər. Deyirlər ki, araşdırma gedir, nəticəsi haqqında sizə məlumat veriləcək. Bizə dedilər ki, cinayət işi açılıb, hər şey nəzarət altındadır".


7 əsgərin meyitinin ekspertizası başa çatıb.

Azərbaycan Hərbi Prokurorluğu Milli Ordunun əsgərlərinin ölüm işi ilə bağlı açıqlama yayıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, cinayət işi ilə bağlı yaradılan istintaq qrupu tərəfindən hadisə yerinin müayinəsi video və foto çəkilişlər aparılmaqla başa çatıb.

7 nəfər hərbi qulluqçunun meyiti məhkəmə-tibb eksperti tərəfindən müstəntiqlərin iştirakı ilə müayinə edilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülərək cinayət işinin istintaq materiallarına əlavə olunmaqla digər zəruri istintaq tədbirləri yerinə yetirilib. 

Respublika Hərbi Prokurorluğunda yaradılan istintaq qrupu tərəfindən hadisənin baş vermə səbəbləri və sair halları müəyyən etmək məqsədi ilə müvafiq ekspertizalar təyin olunmaqla icraya yönəldilib, digər təxirəsalınmaz intensiv istintaq hərəkətlərinin yerinə yetirilməsi davam etdirilir. 

"Orduda tərbiyə sistemi axsayır, sosial və dini institutlar fəaliyyət göstərmir"

Hərbi hissədə baş verən hadisəyə münasibət bildirən "Doktrina" Hərbi Araşdırmalar İctimai Birliyinin rəhbəri Cəsur Sümərinli deyib ki, əsgərin öz xidmət yoldaşlarını qətlə yetirməsinin səbəbi qeyri-insani davranışın nəticəsidir. Ekspert hesab edir ki, bu cür faciə nizamnamədənkənar hərəkətlər nəticəsində baş verə bilər: "Son üç ildə orduda belə insidentlərin sayı artıb və onların 80 faizi nizamnamədənkənar münasibətlərlə bağlıdır. Hərbçinin düşmən əlində ölməsi cəmi 10 faiz təşkil edir". C.Sümərinli faciəvi hallar arasında zabitlərin sosial təminatının aşağı olmasını, qanunların işləməməsini, şəxsi heyət arasında hüquq bərabərsizliyi və orduya çağırış qaydalarının pozulmasını göstərib: "Orduda tərbiyə sistemi axsayır, sosial və dini institutlar fəaliyyət göstərmir. Zənnimcə, faciəvi hadisələr sadalanan səbəblərdən və hüquqların pozulmasından irəli gəlir". Hərbi ekspert baş verən hadisənin Azərbaycan Ordusu üçün xoş bir hal olmadığını deyib: "Gərək ordumuzda bu cür hallara rast gəlinməsin. Ölkəmiz müharibə şəraitində yaşayan bir ölkədir. Torpaqlarımız işğaldadır. Hərbi qulluqçulara öz yoldaşlarını güllələmək deyil, düşməni məhv etmək aşılanmalıdır. Mən demirəm ki, bizim hərbi hissələrdə komandirlər, zabit heyəti əsgərlərə öz yoldaşlarını qətlə yetirməyi aşılayırlar. Amma təlim-tərbiyə elə formada həyata keçirilməlidir ki, bu cür arzuolunmaz hadisələr baş verməsin. Bütün hallarda əsgərin silahı bir neçə yoldaşına tərəf tutub onları güllələməsi pis xəbərdir". 

"Hərbi hissədə baş verən hadisə sırf təsadüfdür"

"Orduda baş verən bu hadisənin yeganə səbəbi psixoloji gərginlikdir". Bunu isə parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, orduya ictimai nəzarət komitəsinin üzvü Aydın Mirzəzadə deyib. Hərbi hissədə baş verən hadisənin sırf təsadüf olduğunu qeyd edən A.Mirzəzadə deyib ki, hadisə barədə dərhal məlumat verilib: "Müəyyən müddətdən sonra isə daha geniş məlumat açıqlanacaq. Bütün bunlar orduda gedən proseslərin tamamilə cəmiyyətin nəzarəti altında olduğunu göstərir. Hər bir məsələ araşdırılır, ictimaiyyətə məlumat verilir və gələcəkdə belə halların bir daha təkrarlanmaması üçün müvafiq tədbirlər görülür. Hadisə barədə hazırda qısa məlumat verilib. Biz özümüz də məlumata malik deyilik. Sonrakı informasiyaları gözləyirik. Buna əsasən nə baş verdiyini və hansı addımlar atılacağı haqda məlumatımız olacaq". Millət vəkili qeyd edib ki, orduda belə hadisələr ara-sıra olur: "Milli Ordumuzda bu tip hadisələr tez-tez yox, ara-sıra baş verir. Biz Azərbaycanda belə halların kütləvi şəkildə və tez-tez yaşandığını deyə bilmərik. Müdafiə Nazirliyinin tabeliyində olan Milli Ordu birbaşa düşmənlə üzbəüz dayanıb. Orduda baş verən bu hadisənin yeganə səbəbi psixoloji gərginlikdir. Düşmən aqressiv və hiyləgərdir, Azərbaycanın ərazi bütövlüyünü yenə də pozmaqda maraqlıdır. Düşməndən gələn zərbələri Milli Ordunun zabit və əsgərləri öz üzərinə götürür. Hadisənin baş vermə səbəbləri araşdırılır, sözsüz ki, ətraflı məlumat veriləcək və yeddi dəyərli, igid əsgərimizi hansı səbəbdən itirdiyimizi biləcəyik. Orduda daim kadr islahatı gedir, müəyyən hissələrdə zabitlər öz vəzifə postlarını dəyişirlər. Ehtiyac duyulduğu yerlərə daha da təcrübəli, hazırlıqlı kadrlar gətirilir, vaxtaşırı struktur dəyişiklikləri baş verir. NATO sistemində olan yeniliklər Milli Ordumuzda tətbiq olunmağa başlanıb və bu yenilik ilk növbədə hərbi təhsil sistemində özünü göstərir. İslahatlar ondan ötrüdür ki, bu tip hadisələr baş verməsin. Görünür ki, hardasa boşluq olub. Dünyasını dəyişən əsgərlərə görə ürəkdən ağrıyırıq, onlara rəhmət diləyirik, yaxınlarına başsağlığı veririk".

//Şərq qəzeti

OXŞAR XƏBƏRLƏR