Gənc sevgililərin görüş yeri nə vaxt təmir olunacaq? - FOTOLAR
Bütün Xəbərlər
17:36 07.12.2012
13233
Azərbaycanın bütün şəhər və rayon mərkəzlərində botanika bağları salınacaq. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Milli Elmlər Akademiyasında müvafiq təkliflər hazırlanır. Dövlət başçısının Sinqapurda Milli Səhləb Bağı ilə tanışlığından sonra bununla bağlı göstəriş verdiyi bildirilir. Məlumat üçün bildirək ki, Azərbaycanda yalnız bir Botanika Bağı olduğu halda, keçmiş MDB ölkələrindən Belarusda 4, Gürcüstanda 4, Qazaxıstanda 6, Litvada 7, Latviyada 3, Ukraynada isə bunların sayı 17-dir.Bu baxımdan Bakının ikinci nəbatat bağı sayılan Mərdəkan Dendrarisinin də inkişaf üçün böyük perspektivi var. Əhalinin Yesenin bağı kimi tanıdığı Mərdəkan Dendrarisi təmiz hava və rahat dincəlmək istəyənlərin həmişə sevimli yeri olub. Milyonçu Murtuza Muxtarov tərəfindən şəxsi bağ kimi salınan, sonralar dahi rus şairi Yeseninin də qonaq qaldığı Mərdəkan Dendrarisində hal-hazırda 2800 növ bitki var. Milli sərvət hesab olunan dendrariyə dünyanın müxtəlif ölkə və qitələrindən bitkilər gətirilib. 12 ha ərazisi olan botanika bağı 2005-ci ildən Dünya Botanika bağlarının üzvü də seçilib. Qeyd edək ki, bağda “Qorxma mən səninləyəm”, “Başsız atlı”, “Arşın mal alan”, “Dərviş Parisi partladır” kimi filmlərin çəkildiyi tarixi bina da var.Son zamanlar burada kiçik təmir işləri aparılsa da, dendrarinin artıq neçə illərdir ki, əsaslı təmirə ehtiyacı var. Botanika bağının direktoru Tofiq Məmmədovun sözlərinə görə, bağ indiyə kimi əsaslı təmir olunmayıb. Dövlət tərəfindən yalnız cari təmirə pul ayrılır ki, bu da əsaslı təmirə imkan vermir. “Öz daxili vəsaitlərimiz hesabına 4 yeni laboratoriya açmışıq. Asiya ölkələrindən 146 növ tropik bitki gətirmişik. Keçmiş SSRİ-də yalnız Azərbaycanda diaqnostika laboratoriya var. Burada ağac, bitki, kolların yaş və iqlim xüsusiyyətləri analiz olunur. Gələn il MDB üzrə Azərbaycanda Dünya Botanika Bağları Cəmiyyətinin konfransı keçiriləcək”.Biz də Mərdəkan Dendrarisinin öz əvvəlki gözəlliyini qaytaracağına və bura gələn insanların bütün fəsillərin, xüsusən də Yeseninin təsvir etdiyi Mərdəkan payızının gözəlliyini doya-doya yaşayacağımıza ümid edirik.