Ginekoloji xəstəliklər yay mövsümündə daha tez-tez kəskinləşir. Bu, açıq su hövzələrində çimmək, çimdikdən sonra soyuma və uzunmüddətli səfərlər nəticəsində baş verir.
Bu barədə "İzvestiya” qəzetinə ginekoloq Natalya Loşçakova məlumat verib.
"Hətta qadınlar bunu dərhal hiss etməsələr belə, yayda çanaq orqanlarının soyuması halları artır. Soyuq suda çimmək, uzun müddət yaş çimərlik geyimində qalmaq və kondisionerli mühitlər yerli immunitetin zəifləməsinə və iltihabi proseslərin başlanmasına səbəb ola bilər”, deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, məzuniyyət zamanı intim gigiyena şəraitinin dəyişməsi vaginal flora və pH balansını poza bilər. Bu isə bakterial vaginoz, kandidoz və digər infeksion-iltihabi xəstəliklərin yaranmasına gətirib çıxarır. Yay aylarında həmçinin salpinqooforit və servisit kimi xroniki xəstəliklər də tez-tez kəskinləşir.
Sağlamlıq risklərini azaltmaq üçün mütəxəssis çimərlikdən və ya hovuzdan sonra dərhal quru geyimə keçməyi, soyuq sudan uzaq durmağı və suda qalma müddətini məhdudlaşdırmağı tövsiyə edir. Eyni zamanda, dar və sintetik geyimlərdən imtina edərək, geniş və nəfəs alan materiallara üstünlük verilməsi vacibdir.