AZXEBER.COM AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Qax Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasından məlumat verilib.
Güclü küləyin təsirindən irigövdəli ağaclar kökündən qoparaq aşıb, elektrik və rabitə dirəkləri zədələnib, naqillər qırılıb. Bəzi ərazilərdə qaz xətlərinə də ziyan dəyib. Hadisə nəticəsində Marsan, Turaclı və Çüdülü kəndlərində elektrik enerjisi, internet və təbii qazın verilməsində fasilələr yaranıb. Hazırda aidiyyəti qurumların əməkdaşları qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində işləri davam etdirirlər.
Güclü külək Zaqatala rayonunda da fəsadsız ötüşməyib. Rayonun müxtəlif ərazilərində ağaclar aşıb, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi müvəqqəti dayanıb. Xidmət sahələrinin əməkdaşları problemlərin aradan qaldırılması üçün ərazilərdə çalışırlar.
Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.













































