Göygöldə aqrar sahədə yeni Dövlət Proqramı ilə bağlı regional müşavirə keçirilib - FOTOLAR

Göygöldə aqrar sahədə yeni Dövlət Proqramı ilə bağlı regional müşavirə keçirilib - FOTOLAR
SOSİAL
17:18 12.06.2026
263

İyunun 12-də Göygöldə Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində təşkil olunub.

Müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri və nümayəndələri, eləcə də Göygöl, Daşkəsən, Goranboy və Samux rayonlarından fermer və sahibkarlar iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxışında Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinə dair tapşırıqları və regionun aqrar inkişaf perspektivləri barədə danışıb. O bildirib ki, Dövlət Proqramı məhsuldarlığın, gəlirliliyin və ixrac potensialının artırılmasını, su və torpaq ehtiyatlarından səmərəli istifadəni, müasir suvarma texnologiyalarının tətbiqini, toxumçuluq və damazlıq bazasının gücləndirilməsini nəzərdə tutur.

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev isə Dövlət Proqramı çərçivəsində Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə prioritet istiqamətlər barədə təqdimatla çıxış edib. O qeyd edib ki, proqram çərçivəsində məhsuldarlığın artırılması, müasir suvarma sistemlərinin tətbiqi, texnika parkının yenilənməsi, logistika infrastrukturunun gücləndirilməsi, intensiv bağçılıq və heyvandarlığın inkişafı üzrə kompleks tədbirlər həyata keçiriləcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov regionda kənd təsərrüfatının inkişafında su təminatının mühüm rolundan danışaraq, fermerlərin su təminatının yaxşılaşdırılması istiqamətində işlərin davam etdiriləcəyini bildirib.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov rayonda kənd təsərrüfatı sahəsində görülən işlər və mövcud potensial barədə məlumat verərək bildirib ki, Dövlət Proqramının icrası fermerlərin rifahının yüksəldilməsinə və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Tədbirdə çıxış edən sahibkarlar da kənd təsərrüfatı sahəsinə göstərilən dövlət dəstəyini yüksək qiymətləndirərək, yeni proqramın investisiya imkanlarının genişlənməsinə və aqrar sektorun rəqabət qabiliyyətinin artmasına müsbət təsir göstərəcəyini vurğulayıblar.

Müşavirənin sonunda Dövlət Proqramının yerlərdə səmərəli icrası üçün dövlət qurumları, fermerlər, sahibkarlar və investorlar arasında koordinasiyalı fəaliyyətin vacibliyi qeyd olunub.

 

 

 

 

  

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR