‘Hacıbala müəllim deyir ki, balam ölsün, mənlik bir şey yoxdur’

‘Hacıbala müəllim deyir ki, balam ölsün, mənlik bir şey yoxdur’
Bütün Xəbərlər
11:10 02.05.2013
2842

Tikilməkdə olan “Qış parkı”na görə yaşadığı binanın qəzalı vəziyyətə düşməsi ilə bağlı tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyov beynəlxalq təşkilatlara müraciət edəcək. Bu barədə məlumatı “Yeni Müsavat”a rejissor özü verib.

Mahmudbəyovun sözlərinə görə, Mirzağa Əliyev küçəsi, 170 ünvanında yaşayan 4 ailənin həyatı təhlükə altındadır: “Parkda işləri sürətləndiriblər. Ağır tonnajlı maşınlar günün hər saatında küçəmizdən keçir. Evimdə elə bir 5 bal gücündə zəlzələ olub. Mənzilimin bütün otaqlarında dərin çatlar meydana gəlib. Səhəri gün mənim və ya ailəmin başına bir iş gəlsə, buna kim cavab verəcək?” Şeyx Əbdülün sözlərinə görə, bir neçə gün öncə Bakı meri Hacıbala Abutalıbov ona zəng vuraraq deyib ki, ərazidə tikinti işləri aparan “FFF 2011" şirkətinin məsul işçisi Tamella adlı bir xanım onunla əlaqə saxlayacaq: ”Həmin xanım bizimlə əlaqə saxladı. Yalandan bizə söz verdi ki, bu binada yaşayan ailələr qısa zaman ərzində yeni mənzillərə köçürüləcək. Lakin 12 gündür ki, biz həmin xanımı tapa bilmirik. Kimdən soruşuruqsa, tanıyan da yoxdur".

Tanınmış rejissor deyir ki, H.Abutalıbovla yenidən əlaqə saxlayıblar: “Hacıbala müəllimlə nə vaxt əlaqə saxlayırıqsa deyir ki, balam ölsün, mənlik bir şey yoxdur. Bəs kimlikdir? Bir müddət əvvəl elan etmişdim ki, meriya önündə aclıq aksiyasına başlayacaq. Aksiyanı ertələməyimə səbəb Hacıbala Abutalıbovun bizimlə əlaqə yaratması oldu. İndi görürəm ki, hamısı boş şey imiş. Yenidən aclıq aksiyası keçirməyə qərar vermişəm. Həmçinin beynəlxalq təşkilatlara müraciət edəcəyəm. Mənim və digər ailələrin yaşadığı bina ilə bağlı Prezident Administrasiyası, Daxili İşlər, Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirliklərinin əmr və sərəncamları var. Bu qədər dövlət orqanının sözü bu Hacıbala Abutalıbova keçmir”.

Xatırladaq ki, Şeyx Əbdül bir neçə gün öncə H.Abutalıbovla görüşmüş və görüşdən sonra onu “ölkədə iki nəfər işləyən adamdan biri” adlandırmışdı.

OXŞAR XƏBƏRLƏR