Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin fələstinliləri Qəzzadan çıxarmaq siyasətinin dəyişmədiyini bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazir qeyd edib ki, Baş nazir Benyamin Netanyahunun bu planı uğur qazanmayacaq və Qəzza sakinləri öz torpaqlarında yaşamağa, gələcəklərini qurmağa davam edəcəklər.
"Bu mərhələdə Qəzzada atəşkəsin daimi xarakter alması, sülh planının ikinci mərhələsinə keçilməsi və yenidənqurma prosesinin başlanmasından başqa alternativ yoxdur", – deyə Hakan Fidan vurğulayıb.
Nazir bu fikirləri Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə Ankarada keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında səsləndirib.
Hakan Fidan çıxışı zamanı Suriyada sabitliyin getdikcə möhkəmləndiyini və Ankara ilə Dəməşq arasında əməkdaşlığın dərinləşdiyini bildirib. Onun sözlərinə görə, Türkiyə ilə Suriyanın təhlükəsizliyi və rifahı bir-biri ilə sıx bağlıdır.
Fidan həmçinin terrorla mübarizə, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndiriləcəyini, Suriyada bütün silahlı qrupların mərkəzi və legitim dövlət strukturu altında birləşməsinin ölkənin ərazi bütövlüyü və regionun sabitliyi baxımından vacib olduğunu qeyd edib.
Gülay











































