Xüsusilə çiy, az bişmiş və pasterizə edilməmiş məhsullar müxtəlif infeksiyalara yoluxma riskini artıra bilər.
Yumurtanı yaxşı bişirin
Çiy və ya yarımbişmiş yumurtada Salmonella bakteriyasının olması mümkündür. Bu bakteriya qida zəhərlənməsinə səbəb ola bilər. Buna görə yumurta qəbul edərkən onun ağının və sarısının tam bişməsinə diqqət etmək lazımdır.
Pendir alarkən etiketə baxın
Hamiləlik zamanı süd məhsullarının pasterizə edilmiş süddən hazırlanmasına diqqət etmək vacibdir. Pasterizə edilməmiş məhsullarda Listeria bakteriyası ola bilər.
Qaraciyəri rasiondan çıxarmaq daha yaxşıdır
Qaraciyər A vitamininin aktiv forması olan retinolla zəngin məhsuldur. Hamiləlik zamanı həddindən artıq retinol qəbulu körpənin inkişafına mənfi təsir göstərə bilər.
Əti çiy saxlamayın
Çiy və ya az bişmiş ət toksoplazmoz da daxil olmaqla müxtəlif infeksiyalar üçün risk yarada bilər. Ət məhsulları yaxşı bişirilməli, çiy ətlə təmasdan sonra əllər, bıçaq və doğrama taxtası diqqətlə yuyulmalıdır.
Çips və çox qızardılmış qidalara limit qoyun
Hamiləlik zamanı çips, fast-food və həddindən artıq qızardılmış məhsulları mümkün qədər azaltmaq məsləhətdir. Belə qidaların tez-tez istifadəsi balanslı qidalanmanı poza bilər.
Dəniz məhsullarında seçim vacibdir
Dəniz məhsullarının hamısı hamiləlik zamanı qadağan deyil. Əksinə, yaxşı bişirilmiş və civə miqdarı aşağı olan balıq faydalı qida mənbəyi ola bilər.
Şirniyyatı həddindən artıq yeməyin
Hamiləlik dövründə şirin qidalara meyl arta bilər. Lakin tort, peçenye, konfet, mürəbbə və şəkərli içkilərin həddindən artıq istifadəsi əlavə şəkər və kalori qəbulunu artırır.
Qəhvə və çayda ölçünü qoruyun
Kofein hamiləlik zamanı tamamilə qadağan edilmir, lakin onun miqdarı məhdudlaşdırılmalıdır. Qəhvə ilə yanaşı qara və yaşıl çayın, enerji içkilərinin və bəzi digər içkilərin də kofein ehtiva etdiyini nəzərə almaq lazımdır.
Spirtli içkilərdən uzaq durun
Hamiləlik zamanı spirtli içkilər qəbul edilməməlidir. Alkoqol körpənin inkişafına mənfi təsir göstərə və ciddi fəsadlara səbəb ola bilər.
Əsas məsələ balanslı qidalanmadır
Hamiləlik zamanı sağlam qidalanmaq üçün menyudan çoxsaylı məhsulları çıxarmaq əvəzinə, qidaların təhlükəsizliyinə və düzgün hazırlanmasına diqqət etmək lazımdır.
/Demokrat.az











































