Həbib Nurməhəmmədov şeyxlərlə danışdı, Usman həbsdən azad edildi

Həbib Nurməhəmmədov şeyxlərlə danışdı, Usman həbsdən azad edildi
İDMAN
01:40 17.11.2026
59
Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov yerli hakimiyyət orqanları ilə şəxsən danışıqlar apardıqdan sonra Usman Nurməhəmmədovun Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbsdən azad edilməsinə nail olub.

Bu barədə "Mash na sporte" məlumat yayıb.

Məlumata görə, Həbib əvvəlcə UFC prezidenti Dana Uayta müraciət edib. Lakin Uayt BƏƏ qanunvericiliyini əsas gətirərək kömək etməkdən imtina edib. Bundan sonra Həbib birbaşa Əmirliklərin hakimiyyət orqanları ilə əlaqə saxlayıb. Danışıqlar nəticəsində həbs edilən bütün şəxslərin mərhələli şəkildə azadlığa buraxılması barədə razılıq əldə olunub.

Bu gün Usman Nurməhəmmədovun həbsdən azad edildiyi məlum olub. Bundan əlavə, Əmirliklərin nüfuzlu şəxsləri münaqişə iştirakçılarının heç birinin hadisə ilə bağlı ictimaiyyətə açıqlama verməyəcəyinə dair təminat alıblar.

Xatırladaq ki, noyabrın 13-də Usman Nurməhəmmədov BƏƏ-də altı ay müddətinə azadlıqdan məhrum edilib. Davanın daha yeddi iştirakçısı da həbs olunub. Məhkəmə, həmçinin ictimai asayişi pozduqlarına və insanların həyatı üçün təhlükə yaratdıqlarına görə onlara külli miqdarda cərimələr tətbiq edib.

Davadan sonra saxlanılan Merab Dvalişvili isə noyabrın 13-də həbsdən azad edilib.
 
Hadisə RAF liqasının Əbu-Dabidə keçirilən media günü zamanı baş verib. Dvalişvili müsahibə verərkən Nurməhəmmədov tərəfdarları ilə birlikdə ona arxadan yaxınlaşaraq zərbə endirib. Daha sonra hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

UFC çempionu İslam Mahaçev Nurməhəmmədovun bu hərəkətini Dvalişvilinin daha əvvəl rusiyalı döyüşçünün anasını təhqir etməsi ilə izah edib.
 
///oxu.az
OXŞAR XƏBƏRLƏR