Şəkərli içkilər mədə xərçəngi riskini artırır.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-də aparılan yeni araşdırma gündəlik şəkərli içki istehlakı ilə mədə xərçəngi arasında ciddi əlaqə olduğunu ortaya qoyub.
"Gastro Hep Advances” jurnalında dərc olunan araşdırmaya görə, gündə ən azı bir porsiya şəkərli içki qəbul edən şəxslərin mədə xərçənginə tutulma ehtimalı bu içkiləri heç qəbul etməyənlərlə müqayisədə təxminən 2,45 dəfə yüksəkdir.
Massachusetts General Hospital tərəfindən aparılan araşdırmada iki genişmiqyaslı tədqiqatın məlumatları birləşdirilərək 112 min 284 iştirakçı araşdırılıb. 1986-2022-ci illər arasında izlənilən şəxslər arasında 278 mədə xərçəngi hadisəsi qeydə alınıb.
Məlumata görə, gündə təxminən 237 millilitr qazlı içki, meyvə şirəsi və ya idman içkisi kimi şəkərli içkilər qəbul edənlərdə risk iki dəfədən çox artıb. Bu artım kişilərdə təxminən iki dəfə, qadınlarda isə üç dəfəyə yaxın olub.
Tədqiqatçılar süni dadlandırıcılarla mədə xərçəngi arasında isə hər hansı əlaqə müəyyən etməyiblər.
Mütəxəssislər bildirirlər ki, araşdırma müşahidə xarakterli olduğundan şəkərli içkilərin birbaşa mədə xərçənginə səbəb olduğunu sübut etmir. Bununla belə, əldə olunan nəticələr bu içkilərin istehlakı ilə xəstəlik arasında güclü əlaqənin olduğunu göstərir.
Alimlər bu əlaqənin mümkün səbəbləri arasında çəki artımı, insulin müqaviməti, iltihablanma, DNT zədələnməsi və bağırsaq mikrobiotasında dəyişiklikləri qeyd edirlər.
Gülau











































