Yəmənin "Ənsar Allah" hərəkatının husiləri ölkənin müvəqqəti paytaxtı Ədən şəhərindəki beynəlxalq hava limanına və Əl-Maaşiq prezident sarayına ballistik raketlərlə hücum edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, polkovnik Macid ən-Nuzeyli "X" sosial şəbəkəsində məlumat yayıb.
"Husi terrorçu qruplaşması Ədən hava limanına və Əl-Maaşiq sarayına ballistik raketlərlə hücum edir", – o bildirib.
Onun sözlərinə görə, hava limanlarına zərbələr endirilməsi blokadanın aradan qaldırılması ilə bağlı bəyanatlarla onun yəmənlilərə qarşı faktiki tətbiqi arasında ziddiyyəti üzə çıxarır.
Ordu nümayəndəsi, həmçinin üsyançılara qarşı həyata keçirilən "Yəmənin Şəfəqi" hərbi əməliyyatı çərçivəsində hökumət qüvvələrinin 1 087 uğurlu əməliyyat keçirdiyini bildirib.
Qeyd olunub ki, əməliyyatlar zamanı husilərin ön komanda məntəqələrinə, qüvvələrinin cəmləşdiyi ərazilərə və ehtiyat bölmələrinə döyüş təyyarələri, pilotsuz uçuş aparatları və artilleriya vasitəsilə zərbələr endirilib.











































