15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovla görüş keçiriblər.
AZXEBER.COM xəbər verir ki, görüş zamanı Azərbaycan şirkətlərinin Yaponiya bazarına çıxış imkanları, iki ölkə arasında iqtisadi və biznes əlaqələrinin inkişaf perspektivləri, eləcə də sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Cənab səfir Fərid Talıbov Azərbaycan şirkətlərinin Yaponiya bazarında fəaliyyət imkanları və işgüzar əlaqələrin inkişafı ilə bağlı dəyərli tövsiyələrini bölüşüb.
İCMA İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev çıxışında İCMA və Marsol Group-un fəaliyyəti, sahibkarlıq ekosisteminin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər, həmçinin Azərbaycan və Yaponiya arasında qarşılıqlı biznes əlaqələrinin gücləndirilməsi potensialı barədə məlumat verib.
Görüşdə iştirak edən sahibkarlar da öz fəaliyyət istiqamətlərini təqdim edərək Yaponiyada mövcud biznes imkanları, potensial tərəfdaşlıqlar və birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Səmərəli müzakirələrlə yadda qalan görüş Azərbaycan və Yaponiya arasında işgüzar münasibətlərin inkişafı, sahibkarlar arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından əhəmiyyət daşıyıb.
Görüşün sonunda Marsol Group və İCMA adından cənab səfir Fərid Talıbova xatirə hədiyyəsi təqdim olunub.




















































