AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Beyləqanda Aran və Yuxarı Qarabağ bölgələrində fəaliyyət göstərən sahibkarlarla görüşdəki çıxışında deyib."Biz hər şeyi düşünülmüş şəkildə edirik və elə edirik ki, gələcək nəsillər də bu borcların qaytarılması ilə məşğul olmasınlar. Ümumiyyətlə, mən hesab edirəm ki, yaxın gələcəkdə biz xarici dövlət borcunu daha da aşağı salmalıyıq, baxmayaraq ki, bu borcun böyük hissəsi beynəlxalq maliyyə qurumlarının vəsaiti hesabına formalaşıb. Bu vəsaitlər uzunmüddətli və aşağı faizlə verilmiş vəsaitlərdir. Yəni, bunları belə tələm-tələsik qaytarmağa o qədər də böyük ehtiyac yoxdur. Ancaq bununla bərabər, hesab edirəm ki, növbəti illərdə dövlət xarici borcumuz daha da aşağı düşməlidir ki, biz bu problemi tamamilə aradan götürək", - dövlət başçısı bildirib.İlham Əliyevin sözlərinə görə, Azərbaycanın bütün statistik göstəricilərimiz ən yüksək səviyyədədir: "Böhranlı illərdə, bir neçə il bundan əvvəl baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdü, Azərbaycan əhalisi bunu hiss etməyib. Yəni, biz hansısa obyektiv səbəbləri gətirərək, nə manatın məzənnəsini aşağı saldıq, nə qiymətlərin şişirdilməsinə imkan verdik. Nəyə görə? Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. İqtisadi islahatların aparılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətimizin təməlində də insan amili var. Ona görə, biz təhlillər apararkən həmişə sosial və iqtisadi inkişafın yekunlarını təhlil edirik. Çünki bu iki məfhum ayrılmazdır. Ancaq güclü sosial siyasət aparmaq üçün güclü iqtisadiyyat lazımdır. İqtisadiyyatımız güclüdür. Onun özəlliyi və üstünlüyü ondan ibarətdir ki, iqtisadiyyatımız heç kimdən asılı deyil. Biz heç bir xarici qurum qarşısında, necə deyərlər, borclu deyilik. Öz siyasətimizi özümüz aparırıq, o cümlədən siyasi müstəvidə və iqtisadi sahədə.Yenə də deyirəm, borcun səviyyəsi o qədər aşağıdır ki, ümumiyyətlə, biz bu barədə heç fikirləşməyə bilərik və öz iqtisadi imkanlarımızı böyük dərəcədə artırırıq".Azərbaycanın dövlət başçısı ixrac səviyyəsinin artırılmasının vacibliyini də qeyd edib: "Biz ixrac bazarlarına daha da böyük həcmdə çıxmalıyıq. Yeni bazarları aramalıyıq, araşdırmalıyıq, çıxmalıyıq ki, ixracın olmaması, yaxud da ki, məhdud olması bizim kənd təsərrüfatının ümumi inkişafını əngəlləməsin. Çünki əgər, ixrac imkanlarımız olmasa və daxili bazar tamamilə təmin edilsə, o zaman kənd təsərrüfatının inkişafında müəyyən durğunluq yarana bilər. Yəni, biz qabaqcadan bütün tədbirləri görməliyik ki, kənd təsərrüfatının inkişafı daha da geniş vüsət alsın. Onu da qeyd etməliyəm ki, mən bir neçə il bundan əvvəl, bu il və bu günlərdə görülən, gələn illərdə görüləcək tədbirlər nəticəsində kənd təsərrüfatının daha da sürətli inkişafını gözləyirəm, bunu görürəm. Bu ilin 9 ayında kənd təsərrüfatı 6 faizdən çox artıb. Görülən tədbirlər nəticəsində və bu gün sahibkarların çıxışlarında yeni layihələr haqqında verilən məlumat kənd təsərrüfatının inkişafını daha da sürətləndirəcək. Biz, bir daha demək istəyirəm ki, bu sahədə düşünülmüş siyasət aparırıq. Bu, həm iqtisadi inkişafdır, həm də sosial təminatdır, işsizliklə, yoxsulluqla mübarizədir, iqtisadiyyatın şaxələndirilməsidir, ölkə potensialının gücləndirilməsidir. Çünki hər ölkənin gücünü müəyyən edən onun iqtisadi dayaqlarıdır. İqtisadi dayaqlar olmadan, iqtisadiyyat asılı vəziyyətdə olan halda heç vaxt ölkə müstəqil siyasət apara bilməz. Bizim müstəqil siyasətimizin təməlində, əlbəttə ki, Azərbaycan xalqının iradəsi dayanır, eyni zamanda, öz gücümüzə güvənməyimiz dayanır. Biz öz gücümüzə, Azərbaycan xalqının istedadına, zəhmətinə arxalanırıq. İqtisadiyyatımız nə qədər güclü olsa, bizim siyasi addımlarımız da o qədər cəsarətli və uğurlu olacaq".