AZXEBER.COM xəbər verir ki, dövlət başçısına və birinci xanıma Naxçıvan Sənaye Parkı barədə məlumat verilib.
Ölkəmizdə hazırda 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Balaxanı Sənaye Parkı) fəaliyyət göstərir.
Bundan başqa, Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi aparılır.
Bu sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb ki, onların da 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb.
Xatırladaq ki, 2026-cı ilin iyulun 1-ə olan məlumata görə, sənaye parklarında ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib, bunun da 6,7 milyard manatlıq hissəsi ixrac olunub.
















































