İranda 'Eurovision' və Azərbaycan əleyhinə aksiya keçirildi

DÜNYA
10:46 21.05.2012
2063
18 may tarixində İranın Təbriz şəhərində Saat meydanında Azərbaycan Respublikasının əleyhinə kütləvi aksiya keçirilib. Aksiya cümə namazından sonra təşkil edilib.
İranın arannews.ir saytının məlumatına görə, aksiyada Azərbaycan və fars dillərində təhqiramiz şüarlar səsləndirilib. Aksiya iştirakçıları Bakıda keçirilən “Eurovision”u kəskin tənqid ediblər.
Onlar təxribat xarakterli və uydurma məlumatlar yayıblar, Bakıda guya gey-paradın keçiriləcəyini iddia ediblər. Bəyan ediblər ki, İran dövləti buna sərt reaksiya verəcək. Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdləri Təbrizlə yanaşı, Ərdəbil, Parsabad və digər İran şəhərlərində də müşahidə olunub.
Burada da cümə namazından sonra analoji aksiyalar təşkil olunub. arannews.ir saytının məlumatına görə, Tehranın cümə namazının xətibi Ayətullah Siddiqi də Azərbaycan Respublikası əleyhinə təxribat xarakterli bəyanatlar verib. Artıq rəsmi Bakı İranda Azərbaycan əleyhinə bəzi aksiyaların keçirilməsinə münasibətini açıqlayıb.
XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya bəyan edib ki, Azərbaycan tərəfi belə ifadələri və təhqirləri qeyri-məqbul hesab edir: “Biz bunu cavabsız qoymayacağıq. Azərbaycan bunlara adekvat cavab verəcək. Azərbaycan müstəqil dövlətdir, onun daxili işlərinə müdaxilə yolverilməzdir”.
E.Abdullayev İranda həbs edilən, Azərbaycan vətəndaşı olan iki şair haqqında da, hələlik, heç bir məlumat olmadığını bildirib: “İran tərəfi həftənin sonuna qədər onların taleyi barədə xəbər verəcəyini bildirmişdi. Lakin hələ də bir xəbər yoxdu”. Azərbaycan vətəndaşları olan Şəhriyar del Gerani və Fərid Hüseyn mayın 2-də Təbrizdə mülki geyimli şəxslər tərəfindən həbs ediliblər. Gənc şairlər Təbrizə poeziya festivalında iştirak üçün səfər ediblər.

OXŞAR XƏBƏRLƏR