“İRƏLİ” İctimai Birliyi hər zaman gənclərin müxtəlif sahələrdə inkişafına böyük önəm verir. Bu yöndə onların maraq dairələrinə uyğun layihələr həyata keçirir. Bu məqsədlə təşkilat daxilində müxtəlif mərkəz və klublar fəaliyyət göstərir. Belə ki, ölkədə səhiyyə sahəsinin inkişafını nəzərə alaraq “İRƏLİ” Tibb Klubunun yaradılması qərarına gəlmişdir. Klubun əsas məqsədi tibb sahəsinə marağı olan gəncləri bir araya gətirmək, sağlam həyat tərzini təbliğ etmək, bu sahənin özəlliklərini aşılamaq, gənclər arasında bu sahə ilə bağlı maarifləndirmə işi apararaq onların fəaliyyətinə dəstək olmaq və bununla da, tibb sahəsində mövcud olan müasir standartların və elmi biliklərin tələbələr və gənclər tərəfindən mənimsənilməsinə, onları müasir elmi-tibbi araşdırmaların əsasları, istiqamətləri və nəticələri ilə tanış etməkdir. Klub daxilində tibbin müxtəlif sahələrini əhatə edən interaktiv mühazirələr, təlimlər, müxtəlif dəyirmi masalar, elmi diskussiyalar, konfransların keçirilməsi daxildir. Keçiriləcək layihələr zamanı tibbi təhsil proqramında kifayət qədər nüfuzlu, xaricdə təhsil almış həkimlər, tədqiqatçılar, yerli və xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur.