Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalının final gününə çox az bir zaman qalıb. Bu gün festivalın idarə heyətinin üzvləri İsmayıllı, Ucar, Mingəçevir şəhərlərində olublar. Festivalın icraçı direktoru Ramil Ağasiyevin AZXEBER.COM-a verdiyi məlumata görə, təlim-məşq toplantılarına mütəxxəssislər tərəfindən baxış keçirilib və tövsiyyələr verilib: “Bu gün ilk dayanacağımız İsmayıllı oldu. Burada bildiyiniz kimi “Qatil” tamaşası səhnəyə qoyulacaq. Baxış zamanı bir neçə məsləhətlərimizi quruluşçu rejissora verdik və onların hazırlıq mərhələsinə baxış keçirdik. Daha sonra isə Ucar və Mingəçevir şəhərlərində olduq və buradakı vəziyyətlə də tanış olduq”. İcraçı direktor ümumi vəziyyət haqqında isə belə deyib: “Ümumi vəziyyət çox yaxşıdır. Hər bir rayondakı truppa hiss olunur ki. Festivala çox böyük məsuliyyətlə hazırlaşır və onlar arasında maraqlı bir mübarizə gedir. Hər bir rayon birinci olmaq üçün Bakıya gəldiklərini və bütün potensiallarını ortaya qoyacaqlarını söyləyirlər”. Qeyd edək ki, festivalın idarə heyəti sabah Zaqatalaya yola düşəcək.
Əfsələddin AĞALAROV