İtaliya ilə hərbi sahədə imzalanan sənədin əhəmiyyəti - PA-nın şöbə müdiri şərh edir

İtaliya ilə hərbi sahədə imzalanan sənədin əhəmiyyəti - PA-nın şöbə müdiri şərh edir
SİYASƏT
18:18 24.02.2020
4108

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin İtaliyaya ötən həftə gerçəkləşən səfəri çərçivəsində İtaliya və Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıqla bağlı sənəd imzalanıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev "Həftə”də bu sənədin əhəmiyyətini şərh edib: "Ölkələrimiz arasında yüksək etimadın növbəti təzahürüdür ki, Azərbaycan və İtaliya çox vacib, çox strateji xarakter daşıyan, həssas sahədə - hərbi təhlükəsizlik sahəsində də əməkdaşlıq edir. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İtaliyanın aparıcı şirkətlərindən olan "Leonardo” şirkətinin rəhbəri ilə görüşdü və bu görüşün də nəticəsi olaraq İtaliyaya səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri ilə İtaliyanın "Leonardo” şirkətinin rəhbərliyi arasında hərbi-texniki sahədə əməkdaşlıqla bağlı sənəd imzalandı. Bu, onu göstərir ki, Azərbaycanın hərbi sahədə əməkdaşlığının coğrafiyası da çox genişdir və bu əməkdaşlıq Avropa İttifaqına üzv dövlətləri də əhatə edir.

Hərbi sahədə diversifikasiya da çox vacib istiqamətlərdən biridir. Çünki bu sahədə də bir bazardan asılı olmaq olmaz. Azərbaycan özünün müdafiə sənayesini inkişaf etdirir, həmçinin xoşməramlı əsaslarla strateji tərəfdaşlıq xarakteri daşıyan dövlətlərlə bu sahədə də əməkdaşlığı inkişaf etdirir. Hesab edirik ki, səfərin nəticəsində hasil olmuş konkret nəticələrdən biri də digər sahələrlə bərabər, məhz hərbi-texniki sahədə İtaliya-Azərbaycan arasında əməkdaşlığın qurulmasıdır”.


OXŞAR XƏBƏRLƏR