Çiyələkdən zəhərlənənlərin sayı sürətlə artır - Alarkən bunları bilməlisiniz…

Çiyələkdən zəhərlənənlərin sayı sürətlə artır - Alarkən bunları bilməlisiniz…
SOSİAL
12:00 12.06.2026
452
Yay mövsümünün gəlişi ilə insanların mövsümi meyvələrə marağı artır. Lakin digər meyvələrdən fərqli olaraq, son zamanlar çiyələk yeyənlər arasında zəhərlənmə halları çoxalıb.

Toksikoloq İsmayıl Əfəndiyev AZXEBER.COM-a açıqlamasında deyib ki, çiyələkdən zəhərlənmə hallarının artması bir neçə fərqli mexanizmin üst-üstə düşməsindən qaynaqlanır:

"Çiyələk mövsümünün əvvəlində zəhərlənmə hallarının artması adətən bir neçə fərqli mexanizmin üst-üstə düşməsindən qaynaqlanır. Bunları ayırd etmək vacibdir.  Erkən mövsüm çiyələyinin böyük hissəsi istixanada sürətləndirilmiş yetişdirmə ilə becərilir. Burada iki risk var. Birincisi, pestisidlərin həddindən artıq və ya düzgün tətbiq edilməməsi insan sağlamlığına zər verə bilər, çünki dərmanlanmadan sonra "gözləmə müddətinə” (intervala) əməl olunmadan məhsul bazara çıxarılır və qabıqda qalıq toksiki maddələr qalır. İkincisi, məhsuldarlığı artırmaq üçün artıq azotlu gübrə işlədildikdə giləmeyvədə nitrat toplanır; orqanizmdə nitritə çevrilərək ürəkbulanma, baş ağrısı, ağırlaşmış hallarda methemoqlobinemiyaya səbəb ola bilər. Bu hallar daha çox kiçik uşaqlarda müşahidə edilir”.


Toksikoloq vurğulayıb ki, çiyələk yerə yaxın bitdiyi üçün bakterial və viral kontaminasiyaya çox həssasdır:

"Çiyələk yerə yaxın bitdiyi, yumşaq olduğu və çox vaxt çiy yeyildiyi üçün bakterial və viral kontaminasiyaya çox həssasdır. Qida zəhərlənməsi xarab olmuş və ya keyfiyyətsiz qidalar yedikdən sonra baş verən həzm xəstəlikləridir və burada əsas amil gigiyena pozğunluğudur: çirkli su ilə yuyulma, soyuducuda saxlanılmadan uzun müddət qalması, çürüməyə başlamış gilələrin seçilməməsi. Norovirus və Hepatit A çiyələklə bağlı klassik törədicilərdir”.

O qeyd edib ki, çiyələyin qəbulu zamanı bəzi insanlarda allergik reaksiya yarana bilər:

"Çiyələyin qəbulu zamanı bəzi insanlarda histamin ifrazı artdığı üçün allergik reaksiya yarana bilər, həmçinin salisilatlara qarşı yüksək həssaslığı olan şəxslərdə reaksiya görünür. Bu, statistikada çox vaxt zəhərlənmə kimi qeydə alınır, amma mexanizmi tam fərqlidir. Fərqləndirici əlamət vaxtdır: allergiya zamanı simptomlar meyvə qəbulundan qısa müddət sonra - qaşınma, səpki, dildə şişkinlik, nəfəs darlığı - meydana çıxır, zəhərlənmə zamanı isə simptomlar adətən daha gec başlayır və əsasən ürəkbulanma, qusma, ishal kimi həzm pozğunluqları ilə özünü göstərir”.

Toksikoloq zəhərlənmədən qorunma yollarına da toxunub:

"Mövsümün ən erkən, "tez yetişmiş” məhsulundan çəkinin; yerli, mövsümünə uyğun (may sonu və iyun) çiyələk daha az risklidir.  Yumağa xüsusi diqqət: gilələri axar su altında bir neçə dəqiqə saxlayın. Pestisid qalığını azaltmaq üçün 5 dəqiqə soda və ya sirkə məhlulunda (1 litr suya 1 xörək qaşığı) saxlayıb sonra təmiz su ilə yaxalamaq effektivdir. Yalnız yeməzdən bilavasitə əvvəl yuyun, qabaqcadan yox. Saxlanma qaydası: soyuducuda, +4°C-də saxlayın, çürüməyə başlayan giləni dərhal ayırın. Təsadüfi yol kənarı satıcılardan deyil, sənədli, nəzarətdən keçmiş məhsul alın.  Həssas qruplar (uşaqlar, allergiyaya meylli şəxslər, hamilələr) çiyələk sayını məhdudlaşdırsın; ilk dəfə az miqdarda sınaqdan keçirsin”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR