Köçəryan-Sarkisyan cütlüyü Paşinyana qarşı “qanuni oğrular”dan istifadə edir

DÜNYA
20:54 28.11.2021
354
Ermənistan növbəti dəfə qarşıdurma meydanına çevrilə bilər. Sarkisyan-Köçəryan klanı "qanuni oğru”ları Yerevana dəvət edib. Onları inandırmağa çalışırlar ki, Nikol Paşinyan hakimiyyətini devirməklə nəinki Qarabağ torpaqlarını geri qaytaracaqlar, eləcə də...

İkinci Qarabağ Müharibəsi tək işğal altında olan torpaqların azad olunması ilə nəticələnmədi, həm də bu torpaqlarda illər uzunu yaradılan terrorçu-cinayətkar, irimiqyaslı beynəlxalq narkotrafikə də son qoymuş oldu. Dəfələrlə beynəlxalq və yerli hesabatlarda bu ərazilər narkotik vasitələrin əkilib-becərildiyi münbit yer kimi xarakterizə edilib. Bu səbəbdən də keçmiş "Qarabağ klanı” və Ermənistan rəhbərliyi üçün uzun illər bu ərazilər əsas gəlir mənbəyi kimi götürülüb.  Azərbaycan da 30 illik işğala son qoymaqla, tək hərbi xuntanı deyil, onun havadarlarını da milyardlarla dollarlardan məhrum etdi.

Mövzuyla bağlı "Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Köçəryan-Sarkisyan cütlüyünə köməyə gəlirlər

Bəlli olduğu kimi, illər uzunu Robert Köçəryan və Serj Sarkisyan rejimi bölgədə narkotik plantasiyaları salaraq ərazidən gəlir mənbəyi kimi istifadə edib. Ermənistanda 2018-ci ildəki hakimiyyət dəyişikliyi klanın gəlirlərinə təsir etmədi. Paşinyan hakimiyyəti, sadəcə onların öhdəsindən gələ bilmədi və ya gəlməyə cürəti çatmadı. Yalnız 44 günlük müharibə və əldə olunan qələbə ilə onların bütün planları alt-üst oldu. İndi əlləri hər yerdən üzülən "Qarabağ klanı”nın nümayəndələri baş verənlərdə Nikol Paşinyan hökumətini günahlandırır, ona qarşı yeni-yeni planlar, ssenarilər hazırlayırlar. Və özlərinə müttəfiq də tapmağa müvəffəq olub. Bu dəfə onların üz tutduqları ünvan erməni "qanuni oğrular”ıdır. Onların nüfuzlu nümayəndələrini İrəvana dəvət edir, müxtəlif plan və ssenarilər cızırlar. Beləliklə, artıq demək olar ki,  Ermənistan hökuməti erməni kriminal dünyasının nüfuzlu üzvləri ilə üz-üzə qalıb və bunun Nikol Paşinyan hakimiyyəti üçün hansı problemlərə səbəb olacağını araşdırmağa çalışacağıq.

Niyə məhz "qanuni oğru”lar?

Sirr deyil ki, erməni cinayətkar şəbəkəsi beynəlxalq qruplaşmanın aktiv bir hissəsidir. Uzun illərdir ki, Avropa, Rusiya və Qərbdə milyardlarla dollarlıq dövriyyəsi olub. Əvvəlki rejimin əsas dayaqlarından biri də, məhz cinayətkar qruplaşmalar idi. İşğal altında olan Azərbaycan torpaqlarında da narkotiklərin qanunsuz dövriyyəsi onların köməyi ilə həyata keçirilirdi. Qarabağda narkotik trafiki Ermənistan hakimiyyəti ilə yanaşı, kriminal aləmin də gəlir mənbələrindən biri olub. Qazanılan pullar da bərabər qaydada bölüşdürülüb. Və indi Sarkisyan-Köçəryan klanı onlarla əlaqə yaradaraq Yerevana dəvət edib. Onları inandırmağa çalışırlar ki, Nikol Paşinyan hakimiyyətini devirməklə nəinki Qarabağ torpaqlarını geri qaytaracaqlar, eləcə də, həmin ərazilərdə narkotik əkinini bərpa etməklə milyardlarla gəlir qazanacaqlar. Lakin anlamırlar ki, onların arzularının üstündən ömürlük xətt çəkilib. Hər hansı bir qüvvə həmin ərazilərin təkrar işğalına səbəb olmaz.
 
İrəvanda "azborka”nın qarşısı alınıb?

Lakin məsələ ondadır ki, Nikol Paşinyan hökuməti də onların bu planını gözəl anlayır. "Qanuni oğru”ların İrəvana gəlməsini öz kanalları vasitəsilə öyrənən hüquq-mühafizə orqanları bu istiqamətdə sərt addımlar atıb. Erməni mediası yazır ki, İrəvan polisi onlara qarşı irimiqyaslı əməliyyat aparıb. Adını da belə qoyub ki, polis "qanuni oğru”lar arasında davanın qarşısını almaq üçün bu addımı atmalı olub. Məlumata görə, Sarkisyanın qardaşına yaxın "Zapom” ilə mübahisəni araşdırmağa gələn şəxsilər həbs edilib. 39 yaşlı Vardkes İspiryan, Armençik Massivski kimi tanınan 37 yaşlı Armen Arutyunyan və 35 yaşlı Artur Pokaryan (Ruj Arturik) həbs edilib. Saxlanılan şəxslərdə "Makarov” tipli tapança aşkar edilib. Andranik Soqoyan (Zapom) 1968-ci ildə Gümrü şəhərində anadan olub və 1994-cü ildə "qanuni oğru” titulunu götürüb. O, Rusiyanın cənubunda və Ukraynada fəaliyyət göstərib. Dəfələrlə Soçi və Odessada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. 2010-cu ildə o, Praqada erməni iş adamının qətlini təşkil etməkdə şübhəli bilinərək saxlanılıb. Hazırda Çexiyanın tələbi ilə axtarışdadır. Bu yaxınlarda bildirilib ki, Ermənistanda məhkəmə, kifayət qədər sübut olmadığına görə Andranik Soqoyanın cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarıb. O, Ermənistan Cinayət Məcəlləsinin 223.2-ci maddəsinin 2-ci hissəsi (cinayətkar birlikdə iştirak) ilə ittiham olunub və bu maddə altı ildən on ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Paşinyan "qanuni oğrular”ın "xaç atası” Serjiki zərərsizləşdirir?

Nikol Paşinyan "Serj-Robert” qruplaşmasının planlarını önləmək üçün addımlar atmaq qərarına gəlib. Artıq Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində Serj Sarkisyana qarşı ittiham irəli sürülüb. Qeyd olunub ki, məhkəmə, Serj Sarkisyana qarşı qətimkan tədbiri kimi ölkədən çıxmamaq haqda qərar qəbul edib. Bundan öncə onun vəkili Amram Makinyan bildirmişdi ki, Serj Sarkisyan təqsirləndirilən şəxs qismində dindirilməyə çağırılıb. Bu isə onu deməyə əsas verir ki, "qanuni oğrular”ı başsız qoymağa çalışılır.

Başqa bir sərt qərar isə Ermənistan Cinayət Məcəlləsinə edilən düzəlişlərdir. Belə ki, artıq vətəndaşın cinayət məsuliyyətinə cəlb edilməsi üçün "qanuni oğru” statusunun olması yetərlidir.

Görünən odur ki, tərəflər arasında gərginlik və nüfuz mübarizəsi hələ uzun müddət davam edəcək. Nikol, hələ ki, onların öhdəsindən ustalıqla gəlir və nəticədə də, rəqiblərini asanlıqla zərərsizləşdirməyə müvəffəq olur.

OXŞAR XƏBƏRLƏR