Son vaxtlar kənd yerlərində kommunal xidmətlərlə bağlı müxtəlif təkliflər səsləndirilir. Təkliflər arasında kəndlərdə kommunal xidmətlər üzrə limitlərin aradan qaldırılması, bəzi xidmətlər üçün isə ödənişlərin ləğv edilməsi də var. Bununla bağlı əsas müzakirələrdən biri isə belə dəyişikliklərin mümkün olub-olmaması və bunun üçün hansı mexanizmlərin tətbiq edilə biləcəyi ilə bağlıdır.
Milli Məclisin deputatı Razi Nurullayev AZXEBER.COM-a açıqlamasında deyib ki, kənddə yaşayan insanın kommunal yükü şəhərdə yaşayan vətəndaşla eyni olmamalıdır:
"Kəndlə şəhər arasında yalnız coğrafi deyil, iqtisadi və sosial baxımdan da müəyyən fərq olmalıdır. Söhbət kənddə yaşayan vətəndaşın şəhərdə yaşayan vətəndaşdan daha az hüquqa malik olmasından yox, əksinə, kənddə yaşamağı təşviq edən əlavə imkanların yaradılmasından gedir. Ona görə də kommunal xidmətlərin kəndlərdə tamamilə limitsiz və ya ödənişsiz olması məsələsinə yalnız bir istiqamətdən yanaşmaq düzgün deyil. Mənim təklifim kənd əhalisi üçün elektrik, qaz, su və digər kommunal xidmətlərdə daha əlverişli, sosial və differensial tariflərin tətbiq edilməsidir. Yəni kənddə yaşayan insanın kommunal yükü şəhərdə yaşayan vətəndaşla eyni olmamalıdır. Çünki kənd sakinlərinin gəlir imkanları, məşğulluğu və xidmətlərə çıxışı şəhərlə eyni deyil”.
Parlamentari qeyd edib ki, kənd və rayonlarda yaşayan insanlar üçün kreditlər daha əlçatan və faizlər daha aşağı olmalıdır:
"Digər tərəfdən, kənd əhalisi ölkənin ərzaq təhlükəsizliyinə birbaşa töhfə verir. Fermer, maldarlıqla, əkinçiliklə məşğul olan ailə həm öz ailəsini dolandırır, həm də ölkənin kənd təsərrüfatı məhsullarının istehsalında iştirak edir. Belə bir şəraitdə kənddə yaşayan insanların xərclərinin müəyyən hissəsinin azaldılması sosial güzəşt olmaqla yanaşı, iqtisadi siyasət də ola bilər. Kənd və rayonlarda yaşayan insanlar üçün kreditlər daha əlçatan və faizlər daha aşağı olmalıdır. İpoteka mexanizmləri də Bakı və iri şəhərlərlə məhdudlaşmamalı, regionlarda ev almaq və ya ev tikmək istəyən vətəndaş üçün real imkan yaratmalıdır. Bu məsələ xüsusilə vacibdir, çünki hazırkı ipoteka mexanizmlərində gəlir və əmlakla bağlı müəyyən tələblər var və bəzi rayonlarda ipoteka kreditləşməsinin əhatəsi də yetərli deyil”.
Deputat bildirib ki, əgər biz kəndlərin boşalmasının qarşısını almaq istəyiriksə, yalnız "kənddə qalın” deməklə bunu edə bilmərik:
"Məqsəd insanları kəndə məcbur etmək deyil. Məqsəd elə şərait yaratmaqdır ki, insan kənddə qalmağı özü üçün sərfəli və rahat seçim hesab etsin. Bunun üçün kommunal xərclərin azaldılması, güzəştli kreditlər, əlçatan ipoteka, keyfiyyətli yol və internet, səhiyyə və təhsil xidmətləri, kənd təsərrüfatı üçün maliyyə imkanları bir-birini tamamlamalıdır. Əgər biz kəndlərin boşalmasının qarşısını almaq istəyiriksə, yalnız "kənddə qalın” deməklə bunu edə bilmərik. Kənddə yaşamağın iqtisadi üstünlüklərini artırmalıyıq. Mənim bir ilə yaxındır söylədiyim əsas fikir də məhz budur: kənddə yaşayan vətəndaş dövlət tərəfindən əlavə dəstək hiss etməlidir. Kommunal xidmətlərdən tutmuş kreditə, ipotekadan tutmuş kənd təsərrüfatına qədər bütün siyasət kənd həyatını daha dayanıqlı və cəlbedici etməyə xidmət etməlidir. Bu, təkcə sosial siyasət məsələsi deyil. Bu, regionların inkişafı, kəndlərin boşalmasının qarşısının alınması və ölkənin gələcək ərzaq təhlükəsizliyi ilə bağlı strateji məsələdir”.
Şahanə Ziyad











































