“Köhnə fikirli “Yeni Nəsil”çilər haqqında...”

“Köhnə fikirli “Yeni Nəsil”çilər haqqında...”
Bütün Xəbərlər
13:59 17.11.2013
1341

Elşən Musayev

“Mətbuat cəmiyyətdə baş verən proseslərin aynasıdır” - Bu tezis uzun illərdir məhşurdur və deyimində də kifayət qədər ciddi bir həqiqət payı var.

Sadəcə bir nüansı nəzərə almaq şərti ilə: Baxır o ayna hansı materialdandır.

Çünki xrustal da ola bilər, uşaqların çox sevdiyi şən güzgülərə də bənzəyə bilər və nəhayət içəridən göstərib, çöldən özünü bəlli etməyə də bilər...Azərbaycan mediasında palitra son dərəcə maraqlı və zəngindir. Orada demək olar bütün rənglərə rast gəlmək mümkündür: Müxalifətyönlü mətbuat, iqtidaryönlü məbuat, reket mətbuat və nəhayət adını “müstəqil”, ”azad” qoyan məbuat...Əslində “azad” və “müstəqil” anlayışının özünü də bir neçə yerə haçalamaq olar. Ən azından 2 rakursdan. Birincisi, mətbuat üçün yaradılan şərait nədir? İkincisi mətbuatın özü üçün yaratdığı şərait nədir? Və ya Azərbaycanda fikir azadlığı hər kəs üçün bəlli və görünən səviyyədədir. Hesab edirəm, bunun üçün xüsusi arqumentlə çıxış etməyə ehtiyac yoxdur. Yox əgər belə olmasaydı elə hakimiyyətin özünə qaşı ən radikal mövqedən çıxış edən, bir çox hallarda isə hətta iftira və şantaj maşını olan mətbu orqanlar bu gün fəaliyyətdə olmazdı. Və nəinki fəaliyyətdə olmazdı, həmin mətbuatın varlığından belə kimsə xəbər tutmazdı.Onlar isə öz işindədir. Hətta dövləti və hakimiyyəti söyə-söyə, onu təhqir edə-edə həmin dövlətin bunlara ayırdığı çox iri miqyaslı maliyyə yardımı ilə - öz işindədir!. İstədiklərini yazırlar, ağılları kəsən ixtiyari bir insanı məqamındaca hədəfə götürürməyi bacarırlar, şantaj edirlər və nə vaxt ki, ortalığa məhkəmə pridmeti çıxır, cinayət məsuliyyəti yaranır, bax yalnız o zaman bunların təbirincə azad söz və insan hüquqları pozulmuşdur. Və ya xaosu demokratiya, iftiranı, hədyanı, həqarəti isə fikir azadlığı kimi qəbul edənlər bu ölkədə hər zaman olub, var, bundan sonra da olacaqdır...Beynəlxalq qurumların da ən çox istinad etdiyi mətn mövzusu məhz mediadır. Və həmin istinad bir çox hallarda irad və tövsiyyə xarakterində olur. Fəqət bəzən heç bir detal və təfsilat dəqiqlşdirilmədən. Bu söylədiklərimin zaman-zaman bir çox rastlantılarını, nümunələrini görmüşük. Ələlxüsus da mövcud hakimiyyətə qarşı qərəzli mövqe tutan təşkilatlar tərəfindən. Ən çox da jurnalist təqibini ön plana çıxarıblar. Və hər dəfəsində də sübut və izah edə bilməmişik ki, cinayət məsuliyyəti ilə iş mənsubiyyəti arasında əhəmiyyətli bir bağlılıq yoxdur. İnsanlar yazdığının və danışdığının fərqində olmalıdır və nəhayət peşəkar fəaliyyət ilk öncə özündə anlaqlı və şüurlu tərzi ifadə etməlidir. Söhbət sırf media fəaliyyətindən gedirsə, ələlxüsus! Çünki media cəmiyyət və proseslər arasında körpüdür, o informasiya daşıyır, bəzənsə həmin informasiyaları özü ixrac eləyir...***Dünən çox maraqlı bir media məlumatı yayılıb. “Yeni Nəsil” Jurnalistlər Birliyi Avropa ittifaqının dəstəyi ilə Azərbaycanla bağlı media azadlığı indeksini açıqlayıb. Daha doğrusu belə deyək: həmin indeksin hazırlanması biz tərəfdən eyni adlı təşkilata həvalə olunub. Və deyim ki, elə əslində bu faktın özü yetərli idi ki, orda nə yazıldığını öncədən müəyyən və təxmin edək. Çünki, “Yeni Nəsil” Jurnalistlər birliyi təxminən “Fredoom Haus”un Azərbaycan variantıdır. Onların dilindən və qələmindən xoş məramın ifadə olunduğunu hələ kimsə görməyib.Əlqərəz, keçək mövzu ilə bağlı qısa təfsilatlara: Haqqında danışdığımız indeks bir neçə blokdan ibarətdir və müxtəlif qiymətləndirmə meyarı ilə öz əksini tapıb. Təbii, bir sıra dövlətlərin sıralanması ilə...İlk əvvəl “Siyasət bloku” gəlir. Burada 8 meyar var. Ən yüksək qiymətləndirmə də 240 baldır. Bizim üçün təyin edilən rəqəm isə 123-dür. Göstərilən ən ciddi irad da hakimiyyət tərəfindən yürüdülən diffomasiya siyasətinin qeyri-məqbul hesab edilməsidir.Çox maraqlıdır: Əslində beynəlxalq təşkilatların diffamasiya haqqında mövqeyi heç bir zaman birmənalı olmayıb. Nə qanunvericilik aktı hazırlananda, nə həmin layihə təqdim olunanda nə də qəbul ediləndə. Düzdür bir çox müzakirələr olmuşdu, hətta xatırlayıram, 2006-cı ildə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Xaraştinin təşəbbüsü ilə bu istiqamətdə geniş tərkibli işçi qrup yaradıldı. Daha sonra eyni adlı kontekstdə maraqlı fikirlər, mülahizələr səsləndi. Hətta Azərbaycan Parlamenti belə bu qanunun qəbulunda ləngimə siyasəti yürütdü ki, ortaq bir mövqe bəlli olsun. Amma davamlı olaraq Venesiya Komissiyası bir şey dedi, ATƏT başqa bir şey. Biri dedi klassik Avropa modeli olsun, digəri Fransa modeli. Və beləcə haçalandı mövzu. Yekuna da vara bilmədilər...Amma bu məqamda ən ziddiyyətli nüans bilirsinizmi nə idi? – Arqument kasadlığı! Və ya, dünya etiraf etməsə də fərqində idi və bu gün də fərqindədir ki, jurnalist hüquqları bir tək cinayət hüququ kontekstində təhlil edilə olmaz. Burda söhbət həm də fundamental insan hüquqlarından gedir. Təhqir elə həmişə təhqirdir. Böhtan isə həmişə böhtan! Yox əgər Azərbaycan hakimiyyətini zəif diffamasiya siyasəti yürütməkdə ittiham edənlər bütün bu nüansları görməzdən keçməyi bacarırsa o zaman onların ya hüquqi dövlətdən xəbəri yoxdur, ya da əsl demokratiyanın komponentlərindən...Və ya bir başqa bölüm:“Praktika” bloku. Burda əsasən söhbət jurnalistlərin təqibindən gedir. Amma yenə də detallı izah yoxdur. Oysa, hər hansı bir təqibin fakt, sübut nümunələri olmalıdır. Və ya Azərbaycan mediasında gedən radikal yazılara post-sovet məkanının heç bir mətbu orqanında rast gəlmək mümkün deyil. Bunun üçün sadəcə müxalif mətbuatı vərəqləmək yetərlidir. Ya da kiminsə işindən kənar - ailədə, məişətdə, nə bilim hər hansı bir çevrədə, dostlar arasında problemi və ya münaqişəsi olursa, bir az kobud desək bunu mətbuatın belinə niyə mindirirlər? Üstəgəl nəzərə almaq lazımdır ki, bu gün müxalif mətbuatın təmsilçiləri arasında kifayət qədər qeyri-nümunəvi həyat tərzi keçirən insanlar var. Təbii, öz işləridir. Amma eyni zamanda fərqinə varılmalıdır ki, belə bir məzmunda olan kəslərin normal həyatda problem yaratması deyil, yaratmaması qeyri-mümkündür...Bu ölkədə hansı yazar siyasi və ya media mənsubiyyətinə görə ittiham olunub? Məncə çox az sayda biriləri. Deyilmi? Onlar da fərdi təşəbbüslə. Və ya jurnalist hər hansı bir naziri, məmuru ya da ixtiyari bir şəxsi söyür, təhqir edir. Qarşı tərəfin də haqqı var ki, öz hüququnu, şərəf və ləyaqətini qorusun. Çünki axı insanların tənqid və təhqirə qarşı səbr, müqavimət gücü də bərabər proporsiyada bölünməyib. Bunu da nəzərə almaq lazımdır. Eyni zamanda bu lokal prosesi dövlət siyasəti kimi qələmə verməyin özü də son dərəcə absurd və anlaşılmayandır...Və nəhayət... Haqqında danışdığım indeksdə xüsusi vurğu ilə iqtisadi şəraitdən bəhs olunur. Daha doğrusu iqtisadi təqibdən. Bu isə artıq həmin mətndə əks olunan ən kritik paradoksdur. Niyə? Çünki dünyanın heç bir yerində hakimiyyət Azərbaycanda olduğu kimi - öz üzərinə bu qədər amansız və qəddarcasına gələn mətbu orqana ildə 100 min, 150 min manat civarında rəsmi maliyyə yardımı eləmir! Dünyanın heç bir yerində hakimiyyət - onu davamlı olaraq təhqir edən və söyən medianın mətbəəyə olan borclarını 2-3 ildən bir dövlət hesabına silmir, ödəmir! Və nəhayət dünyanın heç bir yerində hakimiyyət - özünü hədəfə aldırmaq bahasına olsa belə, demokratik mühiti bu şəkildə qorumur, bu şəkildə təmin etmir!P.S. Odur ki, köhnə fikirli “Yeni Nəsil”çilər! Bu nağılları elə adamlara danışın ki, “yedirtmək”mümkün olsun.. Ya da gedin bir-iki dövrə vurun, sonra fırlanıb yenə gələrsiz...

OXŞAR XƏBƏRLƏR