Şimali Koreya lideri Kim Çen In ölkəsinin silah sistemlərinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Kim Çen In açıqlamanı İkinci İqtisadiyyat Komitəsinin yeni Müdafiə İnqilabı Muzeyinə səfəri zamanı verib.
"Şimali Koreyanın güclü silahları bundan sonra da fasiləsiz şəkildə hazırlanacaq və təkmilləşdiriləcək. Muzeyin miqyası və ekspozisiyası isə daim genişləndiriləcək”, – deyə o vurğulayıb.
Şimali Koreya lideri dünyanın ən güclü müdafiə sənayesinin qurulmasını Koreya Əmək Partiyasının əsas vəzifələrindən biri kimi qiymətləndirib.
Məlumata görə, Kim Çen In oktyabrın 11-də muzeyin açılış mərasimində iştirak edib, rəmzi lenti kəsib və ekspozisiya ilə tanış olub.
Şimali Koreyanın müdafiə sənayesinin inkişaf tarixinə həsr olunan muzeyin açılışında partiya və müdafiə sənayesinin rəhbər şəxsləri, Müdafiə Nazirliyinin komandanlıq heyəti, eləcə də silahlı qüvvələrin müxtəlif qoşun növlərinin komandanları iştirak ediblər.
///teleqraf///











































