AZXEBER.COM xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Hazırkı qiymət 2025-ci ilin oktyabrında qeydə alınmış 126 min dollarlıq tarixi maksimum göstəricidən iki dəfədən çox aşağıdır.
Fevral və iyunun əvvəlində baş verən əvvəlki enişlərdən sonra "Bitcoin" yerli minimum səviyyələrdən 10-30 faiz bahalaşsa da, daha sonra yenidən ucuzlaşmağa başlayıb.
Belə ki, iyunun 5-də 2026-cı ilin minimumu olan 59 min dollara qədər gerilədikdən sonra "Bitcoin"ə tələbat artıb və ayın ortalarınadək məzənnə 67 min dollara yüksəlib. Lakin sonradan yenidən eniş başlayıb. Hazırkı qiymət iyunun 1-i ilə müqayisədə təxminən 20 faiz aşağıdır.
Səhər saatlarında "Bitcoin" 63 min dollardan yuxarı səviyyədə qalsa da, Bakı vaxtı ilə saat 16:30-dan sonra bazarda kəskin satışlar başlayıb və eniş bir neçə saat davam edib. Saat 20:00-a olan məlumata görə, BTC-nin ən aşağı göstəricisi ən böyük kriptobirjalardan biri olan "Binance" platformasında USDT cütlüyündə 59 622 dollar olub.
Ticarət mövqelərinin məcburi bağlanmasını izləyən "Coinglass" xidmətinin məlumatına əsasən, cəmi bir saat ərzində "Bitcoin"in bahalaşacağına mərc edən treyderlərin təxminən 100 milyon dollar dəyərində uzun mövqeləri zərərlə bağlanıb. Ən böyük birdəfəlik likvidasiya isə "Binance"də 12 milyon dollar təşkil edib.
"Bitcoin"in ucuzlaşması fonunda bazarın digər aparıcı kriptovalyutaları da dəyər itirib.
Kriptovalyuta bazarının ümumi kapitallaşması isə bir sutkadan az müddətdə 2.15 trilyon dollardan 2.04 trilyon dollara qədər azalıb.
Binance Avropadakı fəaliyyəti və istifadəçilərinin təhlükəsizliyi ilə bağlı açıqlama yayıb.
Şirkətdən AZXEBER.COM-a bildirilib ki, Binance Avropa bazarına və regiondakı istifadəçilərinə sadiq qalır. Qeyd olunub ki, ictimaiyyətə açıqlanan məlumatlardan əlavə, konkret ölkələr üzrə davam edən tənzimləyici proseslər və daxili müzakirələr barədə şərh verilmir.
Açıqlamada vurğulanıb ki, şirkətin əsas prioriteti Avropa İttifaqında Kripto Aktivlər Bazarları Qaydalarına (MiCA) uyğun lisenziya əldə etməkdir. Bildirilib ki, Binance ədalətli, proqnozlaşdırıla bilən və vahid Avropa tənzimləyici çərçivəsi əsasında fəaliyyət göstərməyə sadiqdir.
Şirkət xatırladıb ki, daha əvvəl Yunanıstanda MiCA lisenziyası üçün etdiyi müraciəti geri götürdükdən sonra hazırda digər Avropa İttifaqı üzv dövlətində lisenziyalaşdırma prosesini davam etdirir.
Binance, həmçinin istifadəçilərin aktivlərinin təhlükəsiz və etibarlı şəkildə qorunduğunu bildirib. Şirkət qeyd edib ki, tənzimləyici dəyişikliklərdən istifadəçilərin təsirlənməsi ehtimalı yaranarsa, onlarla birbaşa əlaqə saxlanılacaq və hesablarla bağlı atılacaq növbəti addımlar barədə ətraflı məlumat veriləcək.
Açıqlamada əlavə olunub ki, lisenziyalaşdırma prosesi ilə bağlı yeniliklər əldə olunduqca istifadəçilər və ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılacaq











































