“Küçə müxalifətindən ana müxalifət ola bilməz. Küçə müxalifətinin parlament müxalifətinə heç bir adiyyatı yoxdur.”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O, AXCP Ali Məclisinin sədri Həsən Kərimov iddiasına münasibət bildirib: “General arzusu ilə yaşamayan əsgər yaxşı əsgər ola bilməz. Bu da seçki öncəsi piardır. Özünü ana müxalifət adlandırmayan partiyalar real namizəd ola bilməz. Normal bir şeydir. Biz də özümüzü ana müxalifət hesab edirik. Burada qıcıqlandırmalı bir şey yoxdur. Azərbaycanda klassik, politoloji anlamda ana müxalifət yalnız parlamentdə ola bilər. Parlamentdə bir neçə müxalif partiya olarsa, ən çox səs yığan partiya ana müxalifət hesab oluna bilər. Amma bizdə ana müxalifət yoxdur. Çünki küçə müxalifətindən ana müxalifət ola bilməz. Küçə müxalifətinin parlament müxalifətinə heç bir adiyyatı yoxdur.”
Qeyd edək ki, Həsən Kərimov Azərbaycanda AZCP-nin ana müxalifət olduğunu və ölkədə baş verən siyasi proseslərin, Azərbaycanın ictimai rəyinin, sosioloji sorğuların nəticələrinin də bunu isbatladığını demişdi.
Sərdar Cəlaloğlu Milli Şuranın vahid namizədinin Rüstəm İbrahimbəyov olacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Mənim Rüstəm bəylə heç bir əlaqəm yoxdur,onun verdiyi açıqlamaldan və ideyaların haqqında da heç bir təsəvvürüm yoxdur. Bunlar mətbuatda gedən, amma heç bir əsası olmayan söz söhbətlərdir.”
Fatimə İbrahimova