Məcburi köçkün statusuna yenidən baxılır - VİDEO

Məcburi köçkün statusuna yenidən baxılır - VİDEO
SOSİAL
21:30 03.06.2026
143
"Məcburi köçkün" kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən yeni hüquqi kimlik qazanırlar.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, bu, Milli Məclisinin Əmək və sosial siyasət və İnsan hüquqları komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, eyni zamanda dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə statusunu itirir. Layihəyə əsasən, vətəndaş  qeyd edilən yaşayış yerlərindən imtina etdikdə də bu statusunu itirəcək.

Millət vəkili Vüqar Bayramov bildirir ki, məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri də mərhələli şəkildə yeni modelə keçirilir.

Deputat həmçinin bildirib ki, Mənzil Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən işğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq.

Xatırladaq ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Prezident tərəfindən 2004 - 2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən 224 qərar və sərəncam verilib, Milli Məclisi tərəfindən 11 qanun qəbul edilib. 2007-ci ildə 12 çadır düşərgəsi  və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələri ləğv edilib, 16 fin tipli qəsəbədən sonuncusu isə 2016-ci ildə ləğv edilib, 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

OXŞAR XƏBƏRLƏR