Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin əməkdaşlarına hücum olub. Belə ki, oktyabrın 28-də həmin məktəbin 7-ci sinif şagirdi olan qız dərs zamanı pəncərədən yıxılıb. Telekanalın əməkdaşları hadisə ilə əlaqədar məktəbə gediblər.
Orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib.
Hadisə nəticəsində REAL TV-nin operatoru və stajoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Jurnalistlər dərhal DİN-in 102 xidmətinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslərə qarşı məsuliyyət tədbirləri görülür.
Bəs, sözügedən hadisə ilə bağlı qanunla hansı cəza tədbirləri tətbiq oluna bilər?
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, jurnalistin peşə fəaliyyətinə mane olmağa və ya ona qarşı fiziki zor tətbiq etməyə görə, törədilən qanunsuz əməlin dərəcəsindən asılı olaraq, həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutula bilər:
"İnzibati Xətalar Məcəlləsinə görə, jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə etməyə görə 300 manatdan 600 manatadək cərimə tətbiq olunur. Amma əgər fiziki zorakılıq, sağlamlığa zərər vurulması və ya jurnalistə məxsus avadanlığın sıradan çıxarılması kimi hallar varsa, cinayət məsuliyyəti də nəzərdə tutula bilər. Cinayət Məcəlləsinin 163-cü maddəsi jurnalistin qanuni peşə fəaliyyətinə mane olma ilə bağlıdır. Zor tətbiq etməklə jurnalistin məlumat toplamasına və yaymasına mane olmağa görə ən yüngül halda 500 manatdan 1000 manatadək cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəza nəzərdə tutulur”.
Ekspert vurğulayıb ki, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri, yaxud bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər:
"Yəni bu əməllərə görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur. Dünən baş verən hadisə ilə bağlı yayılan məlumata görə, orada təhrikçilər də olub və onların da ayrıca məsuliyyətə cəlb olunması məsələsi gündəmə gələ bilər. Azyaşlılara gəldikdə isə, qanunvericilik bu məsələdə müəyyən məhdudiyyətlər nəzərdə tutur. Bununla belə, azyaşlıların da məsuliyyəti məsələsi qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilir”.
Aynur Babazadə











































