Məktəblərdə cinsi tərbiyə dərsləri keçiriləcək?

Məktəblərdə cinsi tərbiyə dərsləri keçiriləcək?
Bütün Xəbərlər
08:28 31.10.2012
1919
Azərbaycanda orta məktəblərdə şagirdlərə cinsi tərbiyə üzrə dərslər keçirilə bilər. Milli Məclisdə təklif olunan bu məsələ “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanuna ediləcək əlavədə öz əksini tapacaq. Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili Elmira Axundova Azərbaycanda yetkinlik yaşına çatmayanların mütləq şəkildə cinsi tərbiyə edilməsini vacib hesab edir. Millət vəkili bildirir ki, uşaqları yeniyetmə yaşından gələcəkdə ailə qurmaq vəziyyətinə hazırlamaq lazımdır. Çünki, müasir dövrümüzdə bir çox gənclər ailə qurarkən buna hazırlıqlı olmur ki, bu da əsasən özünü bölgələrdə biruzə verir. Savadsızlıq nəticəsində ruhi xəstə, əlil, narkoman gənclər evləndirilir, bu da sonda çoxsaylı ailələrin bədbəxt olmasına gətirib çıxarır.Bu dərslərin Avropa ölkələrində hələ uşaq bağçasından aparıldığını deyən millət vəkili Azərbaycanda orta məktəblərdə bu tədrisin vacibliyini vurğulayır. Millət vəkilinin fikrincə, məktəblərdə xüsusi müəyyən olunmuş psixoloqlar cinsi tərbiyə məsələləri ilə bağlı maarifləndirmə işləri aparmalıdır. Çünki, bu həm tibbi, həm mənəvi- psixoloji, həm də fiziki problemdir. Təklifə əsasən bu mövzuda dərslər orta məktəblərin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmalı və yalnız cinsi tərbiyəni deyil, ailə planlaşdırılmasını da özündə əks etdirməlidir.Paytaxt sakinləri arasında apardığımız sorğuda məlum oldu ki, valideynlər də orta məktəblərdə belə bir dərslərin keçirilməsini zəruri hesab edir.225 saylı orta məktəbin direktoru Sevda Eminova isə bildirdi ki, bu dərslər müəllimlər, məktəb psixoloqları tərəfindən müəyyən formada tədris olunur, şagirdlərlə bu barədə söhbətlər aparılır və bu zaman onların cinsi, yaşı, psixoloji durumu nəzərə alınır.Lakin Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə belə bir dərslərin orta məktəblərdə keçirilməsini düzgün hesab etmir. O, gələcəkdə Azərbaycan təhsilində cinsi tərbiyə dərsinin tədrisinin nəzərdə tutulmadığın bildirdi.Qeyd edək ki, yeni təklifin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR