"Vəzifəli şəxsin maraqların toqquşması ehtimalını müəyyən etdikdə hansı quruma, hansı müddətdə və hansı qaydada məlumat verməli olduğu qanunda aydın əksini tapmalıdır”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev "Maraqların toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, qanunun effektivliyini müəyyən edən əsas amillərdən biri maraqların vaxtında bəyan edilməsi mexanizmidir:
"Bununla yanaşı, məlumatların qeydiyyatı, yoxlanılması, məxfiliyi və onlarla bağlı qərarların qəbul edilməsi üçün konkret prosedurlar müəyyən olunmalıdır. Bu mexanizm formal xarakter daşımamalı, real nəticə verməlidir”.
Arzu Nağıyev bildirib ki, maraqların toqquşmasının hansı şəxslərə şamil edildiyi aydın göstərilməlidir:
"Maraqların toqquşmasının hansı hallarda yarandığı, hansı şəxslərə şamil edildiyi və şəxsi maraqların hansı meyarlar əsasında qiymətləndiriləcəyi aydın göstərilməlidir. Xüsusilə vəzifəli şəxslərin şəxsi, ailəvi, maliyyə və digər maraqlarının xidməti qərarlara təsir göstərə biləcəyi hallar nəzərə alınmalıdır”.
Deputat əlavə edib ki, maraqların toqquşması müəyyən edildikdə görüləcək tədbirlərə müvafiq qərarın qəbulunda iştirakın məhdudlaşdırılması, konkret məsələnin başqa səlahiyyətli şəxsə həvalə edilməsi və qanunvericilikdə nəzərdə tutulan digər vasitələr daxil ola bilər.
Şahanə Ziyad











































