Hollivud ulduzu Eşton Katçer milyarderlər sırasına daxil olub.
Aktyorun sərvətini artıran əsas amil süni intellekt şirkəti "Anthropic”ə yatırdığı investisiyadır. "Fortune” nəşrinin məlumatına görə, aktyorun şirkətdəki payının dəyəri 7 milyard dollara çatıb.
Bildirilir ki, Eşton Katçer şirkətə 435 milyon dollar investisiya yatıraraq onun təxminən 0,5 faiz səhmini əldə edib. "Claude” adlı süni intellekt köməkçisini hazırlayan şirkətin bazar dəyərinin 1,4 trilyon dollar olaraq qiymətləndirilməsi halında aktyorun payının 7 milyard dollar edəcəyi qeyd olunur.
Qeyd edək ki, son aylarda aktyor şəxsi həyatı ilə də gündəmə gəlib. Avqustda o, həyat yoldaşı Mila Kunis və 11 yaşlı qızı Uayettlə Beverli-Hillzdə gəzərkən görüntülənib. Ailə ictimaiyyət qarşısına birlikdə nadir hallarda çıxır.
Bundan əvvəl cütlüyün münasibətlərində gərginlik yaşandığı barədə iddialar yayılıb. Buna səbəb kimi aktyorun iş qrafiki və maliyyə planları göstərilib.
Eşton Katçerin adı reper P. Diddinin qalmaqallı məclisləri ilə bağlı da hallanıb. Buna səbəb aktyorun reperin təşkil etdiyi "ağ məclislər”dən birində çəkilmiş fotolarının yayılması olub. Lakin bu görüntülər onun hər hansı qanunsuz fəaliyyətdə iştirak etdiyini sübut etmir.
///"Unikal"











































