Millət vəkili Gülər Əhmədova “Uşaqları öldürməyin!” kampaniyasına start verdi
GƏNCLİK
20:54 15.07.2011
1782
Həmçinin, partlayıcı qurğunun oyuncaq formasında olması əvvəlcədən hədəfin uşaqlar olmasının və erməni tərəfinin əsl niyyətinin göstəricisidir. Ermənistanın xüsusi xidmət orqanlarının Tovuzun 13 yaşlı sakininə qarşı həyata keçirdiyi terror aktı nəinki Azərbaycanda, hətta bütün dünya mətbuatında ciddi rezonansa səbəb olmuşdur. Hadisə ilə bağlı dünyanın nüfuzlu qəzet və televiziyalarında xəbərlər dərc edilmişdir. Xatırladaq ki, 13 yaşlı Aygün Şahmalıyeva oyuncaq hesab elədiyi əşyanı evə gətirmiş və “oyuncaq” Aygünün əlində partlamışdır. Hadisə ilə bağlı Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədovanın da münasibətini öyrəndik. Tovuz rayonunda baş vemriş bu hadisədən hiddətləndiyini bildirən Gülər Əhmədova erməni xislətinin bu dəfə də bütün çılpaqlığı ilə nümayiş etdirildiyini söylədi. Onun sözlərinə görə, bütün dünyada uşaq qatili kimi tanınan erməni terrorçuları dinc dövrdə də öz xain və çirkin əməllərindən əl çəkmirlər: “13 yaşlı qızcığazın xain üsulla öldürülməsi bir daha Ermənistan adlanan o terrorçu dövlətin iç üzünü ortaya qoymuş oldu. Bu, birinci fakt deyil. Bundan əvvəllər də bu tip qətllər həyata keçirilib. Yadınızdadırsa, bir müddət bundan öncə erməni snayperinin xain gülləsindən 9 yaşlı Fariz Bədəlov dünyasını dəyişmişdi. Məhz o zaman Azərbaycan dövləti öz haqq səsini bütün dünyada qaldıraraq ermənilərin bu vəhşiliyinə düzgün hüquqi və mənəvi qiymət verilməsini tələb etmişdi. Hətta Bakıda rəsmi səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Bernar Fasye, Robert Bradtke və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik erməni snayperinin qətlə yetirdiyi 9 yaşlı Fariz Bədəlovun ölümü ilə bağlı araşdırmaları davam etdirmək üçün Azərbaycanın Ağdam rayonunun Orta Qərvənd kəndinə yollanaraq, mərhumun ailəsi ilə görüş keçirdilər. Lakin Ermənistan tərəfi öz çirkin siyasətindən əl çəkmir və yenə bütün dünyaya uşaq və körpə qatili olduğunu nümayiş etdirməkdə davam edir”.
Ümumiyyətlə, uşaq qətlləri ilə bağlı ciddi beynəlxalq təbliğat kampaniyasına hazırlaşdıqlarını bildirən millət vəkili Gülər Əhmədova Fariz Bədəlovun ölümü ilə bağlı Respublika Uşaq Təşkilatının “Qarabağın gənc səfirləri” adlı hərəkat yaratdığını və bundan sonra da uzun müddətli aksiyaların keçirilməsinin gündəmdə olduğunu bildirdi. G.Əhmədovanın sözlərinə görə, məhz Fariz Bədəlovun xaincəsinə qətlə yetirilməsindən sonra Azərbaycanın müxtəlif regionlarından Respublika Uşaq Təşkilatına çoxsaylı müraciətlər daxil olmuşdur. Bu sahədə ciddi addımlar atdıqlarını bildirən millət vəkili Respublika Uşaq Təşkilatının həmin müraciətlərə dəstəkçi olduğunu bildirdi: “Zaman və təcrübə göstərir ki, erməni xislətinin mahiyyətində Yer üzündə yaşayan günahsız uşaqların qətlə yetirilməsi dayanır. Yenicə yaradılmış “Qarabağın gənc səfirləri” hərəkatı Fariz Bədəlovun ölümü ilə bağlı UNİCEF-in Azərbaycandakı baş ofisinin rəhbərliyi ilə görüşmüşdür. O zaman bu qətl ilə bağlı uşaq qatillərinin adlarının açıqlanacağı və beynəlxalq məhkəməyə veriləcəyi ilə bağlı verilən təkliflər UNİCEF nümayəndəliyi tərəfindən razılıqla qarşılanmışdır. Amma hadisələrin inkişafı onu göstərir ki, bu vəhşiliklər bitmir və Ermənistan tərəfi büynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur”.
Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova dünyanın bütün uşaq təşkilatlarına “Qarabağın gənc səfirləri”nin başlatdığı “Uşaqları öldürməyin!” kampaniyasına qoşulmaq barədə dəvətnamələr göndərmişdir. Bu hərəkatın yaxın günlərdə istifadəyə veriləcək internet saytında dünyanın hər yerindən qoşulmaq istəyənlər üçün imzatoplama imkanı yaradılacaq. Millət vəkili eyni zamanda Azərbaycanın diaspora fəallarına da müraciət edərək, Azərbaycançılığı özünə məslək seçmiş hər bir şəxsə yaşadığı ölkədə etiraz səsini ucaltmağı xahiş etdi: “Bu işdə xüsusilə analar daha aktiv olmalıdırlar. Belə ki, harada yaşamasından asılı olmayaraq, hər bir uşaq bucür xain terrorun qurbanı ola bilər”.