"Milli kimlik öz mədəniyyətimizi yaşatmaqla və dünyaya tanıtmaqla qorunur” - Gülnarə Xəlilova

"Milli kimlik öz mədəniyyətimizi yaşatmaqla və dünyaya tanıtmaqla qorunur” - Gülnarə Xəlilova
ÖZƏL
10:53 16.10.2026
202
"Kəlağayı Azərbaycan mədəniyyətinin, milli kimliyimizin və mənəvi irsimizin ən dəyərli rəmzlərindən biridir”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilova bildirib. 

O qeyd edib ki, kəlağayının rənglərində, naxışlarında və hər bir detalında milli yaddaşımızın izlərini görmək mümkündür:

"O, sadəcə qadın baş örtüyü deyil, xalqımızın əsrlər boyu formalaşmış estetik zövqünü, sənətkarlıq ənənələrini, dünyagörüşünü və həyat fəlsəfəsini özündə yaşadan bir sənət nümunəsidir. Kəlağayının rənglərində, naxışlarında və hər bir detalında milli yaddaşımızın izlərini görmək mümkündür. O, Azərbaycan qadınının zərifliyini, ləyaqətini və gözəllik anlayışını ifadə etməklə yanaşı, ailə ənənələrimizdə və mərasimlərimizdə də xüsusi məna daşıyıb. Nəsildən-nəslə ötürülən bu sənət nümunəsi bizi keçmişimizə bağlayan mənəvi körpüdür. Kəlağayının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi də bu sənətin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir”.

O qeyd edib ki, milli irsimizi qorumaq onu müasir həyatın bir hissəsinə çevirməkdir:

"Mən bir dizayner kimi hesab edirəm ki, milli irsimizi qorumaq onu yalnız tarixi eksponat kimi saxlamaq deyil, müasir həyatın bir hissəsinə çevirməkdir. Kəlağayıdan geyim dizaynında istifadə etmək, onun əsasında yeni kolleksiyalar yaratmaq və bu sənəti müasir nəsillərə fərqli formada təqdim etmək milli dəyərlərimizin yaşadılmasına xidmət edir. Mənim üçün kəlağayı həm keçmişimizə ehtiram, həm bu günümüzün estetik dəyəri, həm də gələcək nəsillərə ötürməli olduğumuz milli mirasdır. Çünki milli kimlik yalnız tariximizi bilməklə deyil, öz mədəniyyətimizi yaşatmaqla və dünyaya tanıtmaqla qorunur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR