Milli Məclisdə deputatlar arasında qarşıdurma yaşandı

Milli Məclisdə deputatlar arasında qarşıdurma yaşandı
Bütün Xəbərlər
16:27 21.12.2012
1473

“Heydər Əliyevin çörəyini yeyənlər atalı, balalı, analı qaçıb gizlənəndə YAP-ı yaradanlar əziyyət çəkiblər”  Dekabrın 21-i Milli Məclisdə “Mədəniyyət haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihəni təqdim edən mədəniyyət komitəsinin sədri Nizami Cəfərov sənədin qəbul üçün hazır olduğunu vurğulayıb: “Qanun dövlətin mədəniyyət siyasətinin məqsəd və prinsiplərini, mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini, mədəniyyət sahəsindəki hüquqi, təşkilati, iqtisadi və sosial təminatları müəyyən edir”. Deputat Siyavuş Novruzov elm və mədəniyyət sahəsindəki vəziyyətdən şikayətlənib: “Müstəqillikdən 20 il ötsə də, hələ bizim millətin kökünü müəyyənləşdirə bilməyiblər. Biri deyir farsdan yaranıb, biri türkdən yarandığını söyləyir. Bizim yaradıcı təşkilatlar 60-cı illərdə olduğu kimidir. Bəlkə də 30-cu illərə doğru gedir. Neçə ildir kinematoqrafiyaya vəsait ayrılır, Dağlıq Qarabağla bağlı bir film çəkə bilmirlər. Sıxışdıran kimi səsləri Moskvadan gəlir. Biri bibisindən, biri atasından yazır. Düşünməlidirlər ki, dövlət bunlara pulu pensiya kimi vermir.Yaradıcı təşkilatlar dövləti maraqlandıran sahələrlə bağlı addımlar atmalıdırlar. Bu formada nə ədəbiyyatı, nə incəsənəti inkişaf etdirə biləcəyik. Yeni nəsil üçün də stimullaşdırıcı addımlar atılmalıdır”. Deputat Gövhər Baxşəliyeva Siyavuş Novruzovun sözlərinə etiraz edib: “Milli Elmlər Akademiyasında aparılan tədqiqat işlərinin əhəmiyyəti çox yaxşı dərk olunur. Prezidentin sərəncamı ilə akademiyanın Gəncə bölməsinin açılması da buna sübutdur. Partiya funksioneri kimi bu məsələlər barədə belə danışmaq olmaz. Xalqımızın keçmişi barədə bu gün bizdə olan məlumatlar, biliklər akademiyanın institutlarının səyi nəticəsində əldə olunub. Belə naşı fikirlər səsləndirilməsin”. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov həmkarı, Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın onun çıxışına irad bildirməsini sərt qarşılayıb. O, Milli Məclisin 21 dekabr iclasında bunları deyib: “Heydər Əliyevin çörəyini yeyənlər atalı, balalı, analı qaçıb gizlənəndə YAP-ı yaradanlar əziyyət çəkiblər. O vaxt Gövhər Baxşəliyeva yəqin ki, Ziya Bünyadovun yanında kiçik elmi işçi olub. Bu gün YAP-ın yaradılmasına əziyyət çəkən Abel Məhərrəmovun əsərləri Nobel mükafatına təqdim olunub. Bu gün kimsə ya zəlzələdən, ya vəlvələdən Şərqşünaslıq İnstitutunda direktor işləyir. Məlumdur ki, orada normal seçki keçirilsə, kim direktor olacaq. Biz soruşuruq ki, Ziya Bünyadovdan sonra Şərqşünaslıq İnstitutu kimi yetişdirib. Deyirlər ki, bizim hesabatlarımızı oxumurlar. Atropatena, Albaniya ilə bağlı internetdə yazılar var, sizin hansı əsərlər yazılaraq Azərbaycan cəmiyyətinə təqdim olunub? Kimsə Firdovsi barədə yazır, bunu təqdim edir. Mən istənilən adamı dəvət edirəm, öz sahəsində nə yazıb, ortaya qoysun. Heç kim fikirləşməməlidir ki, bu institut ona tapşırılıb. Sabah başqası ola bilər. Bəzən kimisə tənqid edirsən. Nazirlikdən cavab gəlir. Elə bilir ki, ömürlük orada oturub. Yanaşma tərzi, polemika düzgün olmalıdır. Mən üç ali təhsil almışam, kim deyir ki, savadsızam. Naşılıq deyirlər. Mən 20 ildir ki, siyasi həyatdayam, nə danışdığımı yaxşı bilirəm. O danışanlar 20 ildə hansı əsəri ortaya qoyub? Bu məsələləri müzakirə etmək lazımdır”. Müzakirələrdən sonra qanun qəbul olunub. /mediaforum/

OXŞAR XƏBƏRLƏR