Milli Məclisin son günlər keçirilən iclasları deputatların qanun layihələri ilə bağlı təklifləri ilə yanaşı, parlament daxilində yaşanan fikir ayrılıqları, qarşılıqlı iradlar və mübahisəli çıxışlarla da diqqət çəkir.
AZXEBER.COM xəbər verir ki, bəzi deputatların səsləndirdiyi fikirlər spikerin etirazına səbəb olur, bəzən isə deputatların öz aralarında fikir ayrılığı yaranır.

Son olaraq bu gün keçirilən iclasda deputat Hikmət Babaoğlunun çıxışı diqqət çəkib. Belə ki, deputat çıxış üçün söz istəyərkən həmkarlarının çıxış siyahısındakı yerlə bağlı narahatlığını dilə gətirib.
"Doğrusu, çıxış siyahısında adını birinci görməyə alışan dostlarımız adlarını birinci görməyəndə narahat olur və stress keçirirlər. Məncə, bu, doğru deyil. Sizə deyirəm, Zahid müəllim!” – deyə Hikmət Məmmədov bildirib.
Bu, son günlər Milli Məclisdə yaşanan ilk belə hadisə deyil. Son həftələrdə deputatların çıxışları ilə spiker Sahibə Qafarova arasında bir neçə dəfə gərgin dialoq yaşanıb.

Oktyabrın 30-da deputat Aqil Abbasın Qarabağda mənzil bölgüsü ilə bağlı çıxışı parlamentdə müzakirələrə səbəb olub.
Aqil Abbas Ağdamda atasına məxsus evin olmasına baxmayaraq, ona niyə mənzil verilmədiyini sual edib. Deputat bildirib ki, 1970-ci ildən Bakıda yaşayır və məcburi köçkün statusu yoxdur:
"Mənim atamın Ağdamda 6 otaqlı evi var, amma mənə ev düşmür. Mən 70-ci ildən Bakıda yaşayıram, amma məcburi köçkün statusum yoxdur. Atamın mülkündə tikilən evdən niyə mənə verilməsin? Mən gedib Ağdamdan öz puluma ev almalıyam, niyə?” – deyə deputat narazılığını ifadə edib.
Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə sərt münasibət bildirib. O, Qarabağda aparılan bərpa və quruculuq işlərinin qiymətləndirilməsinin vacibliyini vurğulayaraq belə çıxışların görülən işlərə kölgə saldığını qeyd edib:
"Bu qədər iş görülür və niyə bu işlərə ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür? Siz bir dəfə də bu məsələni qaldırmışdınız, demişdiniz ki, ağdamlılara yer vermirlər. Onda da sizə demişdim, bəs kimə yer verirlər? Bu qədər iş görürlər, siz bu işlərə ləkə salırsınız”, – deyə Sahibə Qafarova bildirib.

Parlamentdə müzakirələr zamanı diqqət çəkən digər hadisə noyabrın 17-də baş verib. Deputat Səyyad Aran çıxış üçün ayrılan vaxtın 10 dəqiqədən 5 dəqiqəyə endirilməsinə etiraz edib.
Deputat danışıq müddətinin məhdudlaşdırılmasını düzgün hesab etmədiyini bildirib və Milli Məclisi "danışmaqxana” adlandırıb.
"Bu Milli Məclisdir, danışmaqxanadır. Senatda, parlamentlərdə danışığa sərhəd qoyulmur”, – deyə Səyyad Aran qeyd edib.
Bu ifadə spiker Sahibə Qafarovanın etirazına səbəb olub. O, deputata parlament etikasına uyğun danışmağı tövsiyə edib və çıxış müddətinin azaldılması ilə bağlı qərarın səsvermə yolu ilə qəbul edildiyini xatırladıb.
"Birincisi, Milli Məclis danışmaqxana deyil. Xahiş edirəm, parlament etikasından və leksikasından istifadə edin. İkincisi isə təklif olundu ki, reqlament 5 dəqiqə olsun və səs çoxluğu ilə də bu qəbul edildi”, – deyə spiker bildirib.

Deputatların səlahiyyətləri ilə bağlı müzakirə də parlamentdə diqqət çəkən məqamlardan biri olub.
Oktyabrın 11-də Milli Məclisin birgə iclasında çıxış edən deputat Naqif Həmzəyev yerli problemlərin həlli ilə bağlı deputatların imkanlarının məhdud olduğunu bildirib. O, vətəndaşların qarşısında qaldırılan məsələlərə cavab verməkdə çətinlik çəkdiyini deyərək deputatların səlahiyyətlərinin artırılmasına ehtiyac olduğunu ifadə edib.
"Vətəndaşlar mənə irad tuturlar ki, bəlkə də bu asfalt üçün vəsait ayrılıb, bəlkə də bu vəsait başqa yerə xərclənib. Mən heç nəyə cavab verə bilmirəm. Yəni, açıq deyim ki, adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur”, – deyə deputat bildirib.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə bu fikirlə razılaşmayaraq deputatların kifayət qədər səlahiyyətə malik olduğunu və onlardan istifadə etməli olduqlarını söyləyib.
"Deyirsiniz ki, bu cür problemləri çəkdiklərinə görə jurnalistlər işdən çıxarılır. Varmı elə fakt? Onu, zəhmət olmasa, bizə təqdim edərsiniz”, – deyə Ziyafət Əsgərov qeyd edib.
Fəridə Əsədzadə












































