Müharibə milləti və çocuq gəlinlər...

Müharibə milləti və çocuq gəlinlər...
Bütün Xəbərlər
16:32 29.01.2014
1605
Zahid Oruc,millət vəkiliƏrəb ərəbin düşmənidir.
Yüz illərdir ki, belədir.
Dünyanı başına götürən geopolitika haqqındakı kitabları, söhbətləri bir anlıq unudun və İrandan Amerikaya kimi Böyük Yaxın Şərqin arxitekturasında hansı maraqlar güdüldüyünü bir kənara atın.
Gerçəkliyi qiymətləndirmək üçün bunlar çox vacibdir.
Ərəblər həmişə narazıdılar. Kənarda axtardıqları “günah keçisi”ni yüz dəfələrlə dəyişiblər, lakin təbiətlərindəki inertlik, reallığı çevik qiymətləndirə bilməmək keyfiyyəti əbədi olaraq onların tale yoldaşıdır.
Tarixlərinə baxsanız, gah monqolları günahlandırıblar, gah Osmanlı imperiyasının istilasını qılınclayıblar, gah da xarici kolonial rejimləri və mənfəət qruplarını bütün bəlaların baiskarları elan ediblər.
Əvəzində soruşsanız ki, məgər Rusiyanın S-300 raketlərini alan və büdcəsinin yarısını hərbi xərclərə yönəldən bu din qardaşları qəddar düşmənlər kimi üz-üzə dayanmasalar, onların əvəzindən hansı ingilis gəlib illərlə rejim adlandırdıqları qüvvələrə qarşı vuruşacaqlar, cavabınız sükut olacaq!
Amerikanın bu əraziləri tutması, oradakı hakimiyyətləri dəyişməsi və demokratik cəmiyyət bərqərar etməsi xülya ola bilər.
Tutalım ki, İsrail Ağ evdən aldığı milyardlarla dollarlıq yardımları on illərdir ki, regiondakı nifaqlara xərcləməklə məşğuldur, radikalizm və bölücülüyün körüklənməsi üçüncü dairələrin nəfinə işləyir.
Məgər əsrlərdən bəri davam edən müharibələrin səbəbi təkcə budur?
Ən mötəbər analitik sorğular göstərir ki, ərəblər həyatlarını klassik institutlar və dəyərlər əsasında qurmağa meyillidirlər.
Orada isə klan və tayfa münasibətləri, doğmalıq telləri və nəsillərarası düşmənçiliyin bağları elə möhkəm qurulub ki, ondan kənarda o müqəddəs torpaqlara əbədi sülh gətirmək mümkün deyil.
Millətlərarası savaşın “Qordi düyününə” çevrilmiş ənənələrin üstündən adlayıb keçərək müasir dəyərlərə söykənən cəmiyyət oluşdurmaq hələ heç bir ərəb liderinə sona qədər müyəssər olmayıb.
Əgər mental çərçivədən yuxarı boylanıb Qərb təhsili görmüş bir ərəbdən soruşsanız ki, cümlə pisliklərin mücəssəməsi kimi təqdim edilən İsraili yer üzündən silsəniz, müsəlman ümmətinin təhlükəsizliyi və əmin-amanlığı təmin olunacaqmı, o, soyuqqanlıqla “xeyr” cavabını verəcək.
Çünki “təbiətimizdə daşıdığımız xüsusiyyətlər, qardaşımıza qənim kəsilmək şakərimiz hər şeydən güclüdür”.
Suriyanın hər gün döyüş xronikasını dinləyənlər sayı 200 mini keçmiş itkilərin hesabatlarını apararkən bir daha əmin olur ki, sadə xalq məşəqqətli həyatı ilə barışaraq hər gün ölüm yağan məmləkətlərini tərk etməklə yeni əsrin kütləvi vəhşət rekordlarını qırırlar.
Təkcə Türkiyəyə gələn qaçqınların sayı qeyri-rəsmi rəqəmlərə görə yarım milyondan çoxdur və ev-eşiklərini, qiymətli nə varsa, hamısını itirən bu səfillər yaşamaq üçün ən ağır şərtlərə qatlaşmağa hazırdılar.
Hatay, Urfa və Kilisdən suriyalı qadın və qızlara “elçi” düşən kişilərin ikinci, üçüncü həyat yoldaşı kimi cəmi 1000 manata satılan bu binəvalar ayaqda qalmağın son can bazarlığına çıxıblar.
13-15 yaşlı qızların gözəllik, sağlamlıq durumundan asılı olaraq qiymətləndirən müasir kənizlər və qaravaşların 50-60 yaşlı ərləri imam nikahı ilə onları xoşbəxt edəcəyinə söz verir.
Lakin heç bir hüquqi müqaviləsi olmayan, qarşılıqlı mülki və inzibati öhdəlikləri imzalamayan belə mövsümi evliliklər 21-ci əsrin köləsi kimi satılmağın acı mənzərəsini ilk addımdaca üzə çıxarır.
Aldadılan minlərlə suriyalı qadınların haqqını heç yerdə qorumaq mümkün deyil.
Çünki onların “müsafir” statusu hüquqi davalar üçün imkan tanımır. Çocuq yaşında gəlin köçən yeni bir sinif ərəblərin arxalarında qoyub gəldikləri viranəlik və ağıllarında qalan tükürpədən səhnələr türklərlə yeni ittifaqın və qan bağlarının içində gələcək nəsillərə daşınır.
Kirayə haqqını ödəyə bilmədiyi üçün övladını varlı ərə təslim edənlərin izdivacından doğulan körpələr fərqli bir millətin nümayəndəsinə çevrilirlər. Əsil müharibə budur.
Qadınlar, göz yaşları, çocuq gəlinlər və silahlı toqquşma anlayışları bir-birinə guya zidd anlayışlar olmalı idi.
Həyatın davamlılığı və bir ocağı yandırmaq missiyası on illərdi ki, ərəb zərif məxluqlarının ömürlərindən silinib sanki birdəfəlik onları tərk edib.
İndi sadə bir köçkünün xəyalında Cenevrəyə toplaşaraq gələcək postƏsəd dövrünün hökumətini quran ərəbin gözündə bütün bu siyasi çabaların bir qara qəpik qiyməti yoxdur.
Xalq siyasətin aləti olmaqdan çıxaraq istənilən xarici ağaya təslim olmağa hazırdır.
Dünən beynəlxalq vasitəçilərin köməyilə tərəflər Suriyanın Xoms şəhərində dövlətin çıxmağa qoymadığı qadın və uşaqların ölkəni tərk etməsinə razılıq əldə edə biliblər.
Bu o deməkdir ki, müharibənin meydanı və şiddəti daha da artacaq.
İki gün öncə azyaşlıların döyüş qranatını oyuncaq kimi oynadaraq həyatlarını itirdikləri səhnəni yəqin çoxları izləyib.
Sizcə, böyüklər onlardan çoxmu fərqli? Yaxud, körpəlikdən gözlərini dünyaya bombardmanların altında açan bir millətin gələcəyi varmı?
Dağıntılar altından ağlayaraq xilasını qazanan bir südəmərin nəsibi hər zaman gözyaşları və cəsədlərdən daman qan gölüdür.
Müqəddəs Peyğəmbərimizin 15 əsr öncə gətirdiyi sülhə indi özünə sələfi, xəvaric, bədəvi, ələvi və vəhhabi deyən hər bir ərəbin hava-su kimi ehtiyacı var. Müharibə milləti olmamaq üçün! 
OXŞAR XƏBƏRLƏR