"Neftdən asılılığın azaldılması istiqamətində müsbət göstəricilər qeydə alınıb”
AZXEBER.COM xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Belə ki, cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbəti 92 faiz təşkil edib ki, bu da proqnoz göstəricisindən 7,5 faiz-bəndi çoxdur. Bu göstərici üzrə 2029-cu il üçün hədəf 100 faiz müəyyən edilib.
İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə çatıb. Bu, 2024-cü illə müqayisədə 2,8 faiz-bəndi artım deməkdir. 2029-cu il üçün hədəf göstərici isə 69 faizdir.
Eyni zamanda, icmal büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti 28,7 faiz olub. İcmal büdcənin qeyri-neft baza kəsiri isə qeyri-neft ÜDM-in 18,6 faizi səviyyəsində qeydə alınıb. Bu göstərici hədəf səviyyəsindən (22,1 faiz) 3,5 faiz-bəndi, 2024-cü illə müqayisədə isə 1,4 faiz-bəndi aşağıdır.
Məlumata görə, büdcə xərcləri səmərəli və ünvanlı şəkildə, mövcud ehtiyaclara uyğun icra olunub.











































