“Rafael və Coşquna böyük hörmətim var. Ancaq qadın paltarı ilə reklama çəkilməyi düzgün saymıram”.
Bu sözləri AZXEBER.COM-a verdiyi açıqlamada Azərbaycan xalq artisti Nurəddin Mehdixanlı deyib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru son günlər aktual olan deputat Fazil Mustafa ilə Rafael və Coşqun arasında yaranan mübahisəyə münasibət bildirib: “Aktyorluq elə sənətdir ki, səndən nə tələb olunursa, onu da etməlisən. Kişi aktyorun qadın paltarında rollar ifa etməsi də mənə görə çox normaldır. Lakin bunun reklam şitlərində əks olunmasını düzgün saymıram. Əgər Rafael və Coşqun məndən soruşsaydılar, bunu onlara qətiyyən məsləhət görməzdim”.
56 yaşlı sənətkar Fazil Mustafanı da qınayıb: “Bizim millətin bir bəlası var: Bir-birimizə qarşı aqressiya ilə yanaşırıq. İnsana səhvini deyəndə də elə tərzdə deməlisən ki, onu incitməyəsən, aşağılamayasan. Belə olduqda anlaşmazlıq da yaranmır. Etik çərçivələrdən kənara çıxmaq düzgün deyil. Aktyorlar cəmiyyətin ən müdafiəsiz təbəqəsidir. Hər qələmi olan, gücü olan onları təhqir edə, üstünə gedə bilməz. Fazil Mustafaya da, Rafaellə Coşquna da üzümü tutub deyirəm ki, bir-birləri ilə münasibətdə bir qədər ehtiyatlı, yumşaq davransınlar.”
Qeyd edək ki, bir neçə gün əvvəl deputat Fazil Mustafa Rafaellə Coşqunun çəkildiyi reklamları tənqid etmişdi.
Ceyhun